Bakıda yanğın təhlükəsi: Sakinlər kömək istəyir!
Bakının Binəqədi rayonu, 9-cu mikrorayon, Mir Cəlal küçəsi 143 A ünvanında yerləşən yaşayış binasının sakini, jurnalist Elman Eldaroğlu, binadakı yanğın təhlükəsizliyi ilə bağlı ciddi problemlərin uzun müddətdir həll olunmadığını bildirir. Onun sözlərinə görə, binada yanğınəleyhinə avadanlıqlar yararsız vəziyyətdədir və mərtəbələrdə təxliyə çıxışları bağlanıb.
Minval.info xəbər verir ki, Elman Eldaroğlu məsələ ilə bağlı dəfələrlə Fövqəladə Hallar Nazirliyinin qaynar xəttinə müraciət edib. FHN əməkdaşları əraziyə baxış keçirərək göstərilən nöqsanları təsdiqləyiblər. Nazirliyin vətəndaşa göndərdiyi rəsmi cavab məktublarında da müraciətdə göstərilən faktların təsdiq edildiyi qeyd olunur.
FHN-in 1-ci Ərazi Dövlət Yanğın Nəzarəti İdarəsinin rəisi Ayaz Eyyuboğlunun adından göndərilən cavabda, əməkdaşların ünvana baxış keçirdiyi və müraciətdə qeyd olunan faktların təsdiq edildiyi bildirilir. Məktubda məsələnin həlli üçün Binəqədi Rayon İcra Hakimiyyətinə və “Azərişıq” ASC-yə müvafiq müraciətlərin göndərildiyi də qeyd edilir.
Elman Eldaroğlu, məktubda adı çəkilən komendantın “Binəqədi-38” MMMC-də rəsmi əmək müqaviləsi olmadan çalışdığını iddia edir. O, komendantın əmək münasibətlərinin rəsmiləşdirilib-rəsmiləşdirilmədiyinin aidiyyəti dövlət qurumları tərəfindən yoxlanılmasını istəyir. Həmçinin, binada elektrik avtomobillərinin enerji ilə doldurulması üçün quraşdırıldığı bildirilən avadanlığın qanunvericiliyin və yanğın təhlükəsizliyi normalarının tələblərinə uyğun olub-olmadığının araşdırılmasını tələb edir.
Sakin bildirir ki, məsələ ayrı-ayrı şəxslərin cərimələnməsi ilə bitməməlidir. Əsas məsələ yüzlərlə insanın yaşadığı binada FHN tərəfindən də təsdiqlənmiş yanğın təhlükəsinin real şəkildə aradan qaldırılmasıdır. “Əgər sabah binada yanğın baş versə, bağlı təxliyə çıxışları və işləməyən yanğınsöndürmə vasitələri insanların həyatını təhlükə qarşısında qoya bilər. Faktlar artıq FHN tərəfindən də təsdiqlənib. Biz cərimə haqqında məktub yox, problemin həllini istəyirik”, – deyə sakin bildirir.
Elman Eldaroğlu aidiyyəti dövlət qurumlarına müraciət edərək “Binəqədi-38” MMMC-nin fəaliyyətinin, binadakı yanğın təhlükəsizliyi vəziyyətinin, təxliyə yollarının, yanğınəleyhinə sistemlərin, elektrik avtomobilləri üçün quraşdırılmış enerji doldurma avadanlığının, eləcə də binanın idarə olunması ilə bağlı əmək və hüquqi münasibətlərin kompleks şəkildə yoxlanılmasını xahiş edir.
Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!
Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun:
OXŞAR XƏBƏRLƏR
Hindistanda 5G problemi: Texniki işçi girov götürüldü
Boris Conson Ukraynada dron hücumuna yaxın oldu
Səbuhi Əhmədovun şəhadətindən 4 il keçir
Ukraynanın PUA hücumu: Tatarıstanda 2 ölü, 12 yaralı
Yava dənizində 243 nəfərlik gəmi faciəsi
Hörmüz boğazında İran gəmisinə hücum: Ölən var
Qanlı göldə balıqların kütləvi ölümü!