22.08.2026 - 12:47
Təhsil 34 baxış

Kəllə sümüyündə yeni immun strukturlar kəşf edildi

Alimlər kəllə sümüyündə beynin müdafiəsində mühüm rol oynaya biləcək yeni immun strukturlar aşkar ediblər. Araşdırma Vaşinqton Universitetinin Tibb Fakültəsinin alimləri tərəfindən aparılıb və nəticələr nüfuzlu Nature jurnalında dərc olunub.

Minval.info xəbər verir ki, kəllə sümüyünün sümük iliyi yalnız qan hüceyrələri yaratmaqla kifayətlənmir. Burada beynin immun müdafiəsində iştirak edən xüsusi strukturlar da yerləşir. Tədqiqatçılar bu strukturların beyin şişlərinə qarşı mübarizədə əhəmiyyətli rol oynaya biləcəyini müəyyən ediblər.

Alimlər daha əvvəl kəllə sümüyü ilə beyin arasında çox kiçik kanallar aşkar etmişdilər. Yeni araşdırmada həmin kanalların molekulların hərəkətində rol oynadığı müəyyənləşdirilib. Molekulların beyindən kəllə sümüyünün sümük iliyinə qədər gedə bildiyi müşahidə olunub.

Burada alimlər limfa düyünlərindəki strukturlara bənzər immun mərkəzləri aşkar ediblər. Bu mərkəzlər immun hüceyrələrinin müəyyən təhlükələri tanımasına və onlara qarşı hazırlanmasına kömək edir. Yeni strukturların rolunu müəyyənləşdirmək üçün siçanlar üzərində təcrübələr aparılıb.

Tədqiqat zamanı beyin şişi olan siçanların baş dərisinin altına immun sisteminə təsir edən maddələr tətbiq edilib. Nəticədə immun strukturlarının fəaliyyəti zəiflədilən siçanlarda şişlərin daha sürətlə böyüdüyü məlum olub. Onların ömrü də daha qısa olub. İmmun sistemini gücləndirən zülallar verilən siçanlarda isə şişlərə qarşı daha güclü müdafiə reaksiyası yaranıb və bu heyvanların daha uzun müddət yaşadığı müəyyən edilib.

Alimlər bildirirlər ki, yeni strukturlar hələlik yalnız siçanlarda birbaşa müşahidə olunub. Buna görə onların insanlarda da eyni formada olduğunu demək tezdir. Bununla belə, insan kəlləsinin sümük iliyində bəzi xüsusi immun hüceyrələrinin olduğu artıq məlumdur. Bu fakt insanlarda da oxşar strukturların ola biləcəyini göstərir.

Tədqiqatçılar hesab edirlər ki, kəşf gələcəkdə beyin xərçənginin müalicəsində yeni üsulların hazırlanmasına kömək edə bilər. Bu strukturların Alzheimer və Parkinson xəstəlikləri, şizofreniya və uzunmüddətli COVID-19 zamanı rolu da araşdırılacaq.

Bu xəbəri paylaş:
Link yaddaşa kopyalandı!

Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!

Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun: