Dünən axşam saatlarında Bakıda özünü binanın 9-cu mərtəbəsindən atan qızın ilkin intihar səbəbi məlum olub.

“Minval.info”nun əldə etdiyi məlumata görə, 2005-ci il təvəllüdlü Aynur Eyvazovanın ailəsi əslən Yardımlı rayonunun Avaş kəndindəndir. Bir neçə il öncə Müşfiqabad qəsəbəsində həmin evdə kirayə yaşamağa başlayıblar.

Ailə Aynuru 9-cu sinifdə oxuyarkən məktəbdən çıxarıb və təhsildən yayındırıb. Bu yaxınlarda isə ailə üzvləri 16 yaşlı qızı evləndirmək barədə razılığa gəliblər. Nişanlanan Aynurun qarşıdakı günlərdə toyu olacaqmış. Lakin bəlli olmayan səbəblərdən toyun vaxtı dəyişdirilib. İlkin ehtimala görə, 16 yaşlı qız məhz bu səbəbdən başlanan mübahisə nəticəsində özünü ataraq intihar edib.

Hazırda istintaq hərəkətləri davam etdirilir.

Xatırladaq ki, yeniyetmə oktyabrın 14-ü saat 23 radələrində özünü yaşadıqları mənzilin eyvanından atıb. Xəstəxanaya yerləşdirilsə də, orada vəfat edib.

 

Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi hadisə ilə bağlı məlumat yayıb. “Minval.info”ya daxil olan məlumatda qeyd edilib ki, Qaradağ rayonu Müşfiqabad qəsəbəsində 16 yaşlı A.E yaşadığı binanın 9-cu mərtəbəsindən ataraq intihar etməsi ilə bağlı Komitə tərəfindən Qaradağ rayon İcra Hakimiyyətinin Yetkinlik Yaşına Çatmayanların İşləri və Hüquqlarının Müdafiəsi üzrə Komissiyası ilə əlaqə saxlanılıb.

Komissiyadan Dövlət Komitəsinə verilən məlumata görə, 16 yaşlı A.E əslən Yardımlı rayonundandır və Müşfiqabad qəsəbəsində valideynləri ilə birgə kirayəşin kimi yaşayırmış. İlkin ehtimala görə intihar ailə münaqişəsi zəminində baş verib. Hazırda aidiyyatı qurumlarla birgə hadisənin baş vermə səbəbi araşdırılır.