Təşkilat sədrinin apelyasiya şikayəti təmin edilməyib

Demokratiya 1918 (D-18) Hərəkatının sədri Əhməd Məmmədlinin 30 günlük inzibati həbsi haqda qərardan verilmiş şikayətə sentyabrın 28-də Bakı Apelyasiya Məhkəməsində baxılıb.

Məhkəmədə Əhməd Məmmədli özü də iştirak edib. O, polisə müqavimət ittihamının saxta olduğunu, əksinə, küçədə getdiyi zaman mülki geyimli polislər tərəfindən saxlanılaraq zorla avtomobilə mindirilib aparıldığını bildirib.

Hərəkat sədri həbsinin siyasi sifariş olduğunu deyib və sosial media hesabında paylaşımlarına görə cəzalandırıldığını vurğulayıb.

Vəkili Zibeydə Sadıqova da Əhməd Məmmədli haqqında Səbail Rayon Məhkəməsində çıxarılmış 30 günlük həbs qərarının əsassız və qanunsuz olduğunu bildirib. Müdafiəçi həmin qərarın ləğv olunmasını, müvəkkili haqqında başlanmış inzibati xəta işinə xitam verilməsini istəyib.

Lakin məhkəmə apelyasiya şikayətini təmin etməyib və birinci instansiya məhkəməsinin qərarını qüvvədə saxlayıb.

Əhməd Məmmədlinin həbsilə bağlı ölkədaxili hüquqi müdafiə vasitələri tükəndiyinə görə vəkil Avropa İnsan Haqları Məhkəməsinə şikayət göndərəcək.