24.11.2026 - 16:54
Hər gün istifadə edilən darçınla bağlı risklər aşkarlanıb
Səhiyyə 143 baxış

Hər gün istifadə edilən darçınla bağlı risklər aşkarlanıb

Baku.ws-ın məlumatına görə, ABŞ-nin Buffalo Universitetinin alimləri darçının həddindən artıq və müntəzəm istifadəsinin orqanizmdə qurğuşunun yığılmasına səbəb ola biləcəyini müəyyən ediblər. Bu araşdırmanın nəticələri “Journal of Xenobiotics” elmi jurnalında dərc olunub.

Araşdırma çərçivəsində müxtəlif mağazalardan alınan üyüdülmüş darçın nümunələri təhlil edilib. Alimlər kompüter modelləşdirməsi vasitəsilə 3-5 yaşlı uşaqların bu ədviyyatı istehlak etməsinin qanda qurğuşunun səviyyəsinə təsirini qiymətləndiriblər. Su, hava və torpaq vasitəsilə orqanizmə daxil olan digər çirkləndiricilər də nəzərə alınıb.

Nəticələr göstərib ki, yoxlanılan nümunələrin əksəriyyətində qurğuşunun miqdarı normaları aşmayıb. Lakin darçının hər gün çox miqdarda istehlakı bu ağır metalın ümumi səviyyəsini artıra bilər.

Uşaqlarda risk daha yüksəkdir

Alimlərin sözlərinə görə, xüsusilə azyaşlı uşaqlar risk altındadır. Uşaqlar qida vasitəsilə qəbul etdikləri qurğuşunun 40-50 faizini mənimsəyə bildikləri halda, böyüklərdə bu göstərici 3-10 faizdir. Qurğuşun uşaqlıq dövründə koqnitiv inkişafda problemlərə səbəb ola bilər.

Tədqiqatçılar bildirirlər ki, qurğuşun darçına həm ədviyyatın yetişdirildiyi torpaqdan, həm də istehsal prosesi zamanı düşə bilər. Nadir hallarda isə bu metalın birləşmələri qəsdən ədviyyata əlavə olunaraq məhsulun çəkisini artırmaq və rəngini yaxşılaşdırmaq məqsədilə istifadə edilə bilər.

Mütəxəssislər darçının uşaqların qida rasionundan tamamilə çıxarılmasını zəruri hesab etmirlər, lakin valideynlərə uşaqların qəbul etdiyi darçının miqdarına nəzarət etməyi tövsiyə edirlər.

Bu xəbəri paylaş:
Link yaddaşa kopyalandı!

Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!

Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun: