23.11.2026 - 16:54
Azərbaycanda qızılca və suçiçəyinə yoluxma ilə bağlı son vəziyyət
Səhiyyə 185 baxış

Azərbaycanda qızılca və suçiçəyinə yoluxma ilə bağlı son vəziyyət

Azərbaycanda qızılca və suçiçəyinə yoluxma halları ilə bağlı son vəziyyət açıqlanıb. Baku.ws-ın məlumatına görə, Səhiyyə Nazirliyi Oxu.Az-ın sorğusuna cavab olaraq ölkədə bu xəstəliklərin epidemioloji vəziyyətinin nəzarət altında saxlanıldığını bildirib.

Respublika Gigiyena və Epidemiologiya Mərkəzinin apardığı təhlillərə əsasən, qızılca ilə bağlı yoluxma hallarının sayında azalma müşahidə olunur. Qeydə alınan hallar əsasən sporadik xarakter daşıyır və yoluxma daha çox peyvənd olunmamış və ya peyvənd kursunu tam başa çatdırmamış şəxslər arasında baş verir.

Nazirlikdən verilən məlumata görə, qızılcanın ilkin əlamətləri yüksək hərarət, halsızlıq, öskürək və burun axmasıdır. Bir neçə gün sonra bədənin müxtəlif nahiyələrində səpgilər meydana çıxır. Əhalinin bu xəstəlikdən qorunmasının ən effektiv yolu isə vaxtında və tam peyvənd olunmaqdır.

Suçiçəyi ilə bağlı da ölkədə kütləvi yayılma və ya epidemioloji gərginlik müşahidə olunmur. Ayrı-ayrı yoluxma halları qeydə alınır və bu hallar xəstəliyin epidemioloji xüsusiyyətlərinə uyğun xarakter daşıyır. Mərkəz tərəfindən qızılca və suçiçəyinə qarşı nəzarət tədbirləri davam etdirilir.

Xatırladaq ki, son vaxtlar dünyanın müxtəlif bölgələrində qızılcaya yoluxma halları artıb və bəzi ölkələr qızılcadan azad ərazilər statusunu itirib.

Bu xəbəri paylaş:
Link yaddaşa kopyalandı!

Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!

Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun: