“Mərkəzi Bankın fəaliyyətindən heç vaxt razı olmamışam”.

Bunu Bakupost.az -a millət vəkili Razi Nurullayev Mərkəzi Bankın sədri Elman Rüstəmovun vəzifəsindən azad edilməsi ilə bağlı danışarkən deyib.

Deputat düşünür ki, bank sektorunda qeyri-şəffaf mühit mövcuddur:

“27 ildir ölkənin birinci bank sisteminə rəhbərlik edən Elman Rüstəmovun fəaliyyəti, şəffaflığı məni qane etməyib. Hesab edirəm ki, Elman Rüstəmov Azərbaycan banklarının bərbad vəziyyətə düşməsinə, eyni zamanda, hər bir vəzifəli şəxsin bank təşkil edərək biznes imperiyası qurmasına şərait yaratmaqla ölkənin bank sistemində qeyri-şəffaf mühit formalaşdırıb. Necə ola bilər ki, hər vəzifəli şəxs özünə bank yaradır və insanların pulunu oğurlayıb xaricə daşıyır? Qanunsuzluqlara rəvac verən şəxsin 27 il vəzifədə qalması özü bir anlaşılmaz vəziyyət yaradırdı. Şadam ki, hörmətli Elman müəllim getdi”.

R.Nurullayev Mərkəzi Bankın İdarə Heyətinin üzvlüyünə yeni təyinatdan da danışıb:

“Azərbaycanda bank sistemi doğru-dürüst işləyə bilməyib. İllərlə “şapka” sistemi ilə işləyiblər. İnsanlar faizlə pul götürməyə gedəndə belə, üstündə rüşvət verib faizlə pul alıblar. Bizim bank sistemində min cür hoqqalar olub. Yeni kadrın gəlişi nəyi dəyişəcək? Bu barədə danışmaq hələ tezdir. Mənim yeni gələn kadra da çoxlu suallarım var. Hesab edirəm ki, o, Azərbaycanda insanların gözləntisini doğrultmalıdır. Əgər doğrultmayacaqsa, millət vəkilləri və şəxsən mənim tərəfimdən çox ciddi tənqidlərlə üzləşəcək. Bu gün insanlarımız yeni kadrdan nəticə gözləyir”.