Azərbaycanda son aylarda qadın qətlləri sürətlə artır. Cinayətlərin əksəriyyəti və demək olar ki, hamısı şəxsi münasibətlər, qısqanclıq və məişət zəminində baş verir.

“Qafqazinfo” bu il ərzində törədilən və mediada yayımlanan qadın qətllərinin statistikasını təqdim edir:

Bu ilin, hətta son 20 ilin ən səs-küylü qadın qətllərindən biri Sabunçu Rayon Məhkəməsinin hakimi Fəqan Əhmədovun bağ evində arvadı Pərvanə Əhmədova sinəsindən güllələyərək öldürməsi oldu. Hərçənd ki, hakim məhkəmədə hadisənin ehtiyatsızlıqdan baş verdiyini bildirsə də, prokurorluq ona qəsdən adam öldürmək maddəsi ilə ittiham verib.

İyulun 24-də Xəzər rayonu Binə qəsəbəsində Lerik sakini Meyxoş Cəfərov ondan boşanmaq istəyən arvadı Xatirə Fərəcova işlədiyi gözəllik salonunun qarşısında 10 bıçaq zərbəsi ilə öldürüb. Qadın və uşaqları qətldən öncə də Meyxoş Cəfərov tərəfindən mütəmadi zorakılığa məruz qalırmış. Bununla bağlı videogörüntülər də yayılıb.

İyulun 23-ü yenə Binə qəsəbəsində 59 yaşlı Zərbəli Quliyev 45 yaşlı Lyudmila Tataçenkonu şəxsi münasibətlər zəminində bıçaqlayaraq öldürüb, sonra özü də intihar edib.

İyulun 22-də DİN-in Sabirabad Regional Mühafizə Şöbəsinin əməkdaşı, polis serjantı Əliağa Soltanov tanışı Mübarək Ağayeva uşaq bağçasının həyətində küt əşya ilə başından vuraraq öldürüb.

İyulun 21-i Xızı rayonunun Giləzi kəndində yaşayan Lamiyə Muxtarova həyat yoldaşı, əvvəllər dəfələrlə məhkum olunmuş S.Atlıxanovun valideynlərinin yaşadığı Giləzi kəndinə gələrək özünü və valideynlərini ölümlə hədələdiyini bildirib.

Həmin vaxt L.Muxtarova da valideynlərinin yaşadığı evdə olub. Polis əməkdaşları hadisə yerinə gediblər və S.Atlıxanov onları görərkən özünə bıçaqla xəsarətlər yetirib və hadisə yerindən uzaqlaşmağa cəhd edib. Lakin o, saxlanılıb və onun üzərindən bir ədəd bıçaq götürülüb.

İyulun 17-də Abşeron rayonu Masazır qəsəbəsində 1986-cı il təvəllüdlü Kürdoğlu Məmiyev mübahisə zəminində arvadı, 1984-cü il təvəllüdlü Aidə Məmiyevanı bıçaqlayıb.

Yanlış yayılan videogörüntü ilə bir daha gündəmə gələn müğənninin bıçaqlanması da Bakıda baş verib. İyulun 16-sı Əli Məmmədov onunla münasibət qurmaq istəməyən Aygün Mirzəyevaya 23 bıçaq zərbəsi ilə vurub. Xəstəxanaya yerləşdirilən A.Mirzəyevanın həyatını xilas etmək mümkün olub.

İyulun 13-də Şəmkir rayonunda 1976-cı il təvəllüdlü İntizam Hüseynov ondan boşanmaq üçün məhkəməyə müraciət edən həyat yoldaşı, 1990-cı il təvəllüdlü Mahizər Hüseynovanı və 1963-cü il təvəllüdlü qayınanası Sədaqət Abdullayevanı bıçaqlayıb. Nəticədə, üç bıçaq zərbəsi alan S.Abdullayeva xəstəxanaya aparılarkən yolda ölüb, M.Hüseynova isə ağır vəziyyətdə xəstəxanaya yerləşdirilib.

İyulun 9-da paytaxtın Binəqədi rayonunda Əfqanıstan vətəndaşı Səməndər Səfayi qısqanclıq zəminində aralarında yaranmış mübahisə zamanı mətbəx bıçağı ilə çoxsaylı xəsarətlər yetirərək arvadı Nüşabə Səfərova (Səfayi) öldürüb, daha sonra tanışı Canmirzə Cabbarovu bıçaqlayaraq öldürməyə cəhd edib.

İyulun 8-i saat 17 radələrində Xəzər rayonu, Binə qəsəbəsində 1980-ci il təvəllüdlü Yadigar Cəfərov ailə-məişət münaqişəsi zəminində aralarında yaranmış mübahisə zamanı 1986-cı il təvəllüdlü Elnarə Musayevaya bıçaqla xəsarətlər yetirərək qəsdən öldürüb, daha sonra həmin bıçaqla özünə xəsarət yetirib. Yadigar Cəfərov 3 saylı Klinik Şəhər Xəstəxanasına yerləşdirilib.

İyulun 3-də Göyçay rayonunun Mallı-Şıxlı kəndində saat 19:30 radələrində 1975-ci il təvəllüdlü Elnur Cavadov ailə münaqişəsi zəminində aralarında baş verən dava zamanı yaşadığı evdə ov tüfəngindən atəş açaraq həyat yoldaşı, 1985-ci il təvəllüdlü Ülviyyə Cavadovanı güllələyib. İki uşaq anası olan Ülviyyə Cavadova boynundan və çənəsinin altından aldığı güllə yarası səbəbindən hadisə yerində dünyasını dəyişib. Hadisəni törədən Elnur Cavadov həmin silahla özünü başından vuraraq intihar edib. Ər və arvadın ölümü iki oğul övladının gözü qarşısında baş verib.

İyunun 27-də Şamaxı rayonunda 1988-ci il təvəllüdlü Səməd Yusifov arvadı, 26 yaşlı Zümrüd Yusifovaya mətbəx bıçağı ilə çox saylı zərbələr endirməklə qəsdən öldürməyə cəhd edib.

İyunun 27-də Daşkəsən rayonunda altı uşaq anası bıçaqlanıb. Ramiz Məhərrəmov 1970-ci il təvəllüdlü arvadı Zülfiyyə Məhərrəmova qarın nahiyəsindən bıçaqlayıb.

İyunun 26-da Salyan rayonunun Yenikənd kəndində 1972-ci il təvəllüdlü Ənvər İsgəndərov həyat yoldaşı, 1982-ci il təvəllüdlü Nuranə İsgəndərova bıçaqla vuraraq qətlə yetirib.

İyunun 18-də Tərtərdə üç övlad anası, 26 yaşlı Arzu Abbasova ərindən boşanmaq istədiyi üçün elə prosesdən çıxan kimi məhkəmənin önündə əri, 34 yaşlı Anar Əliyev üzərində gəzdirdiyi bıçaqla ona 3 bıçaq zərbəsi vurub, daha sonra boğazını kəsərək öldürüb.

Yasamal rayonunda arvadını döydüyü üçün 6 aylıq azadlıqdan məhrum etmə cəzası verilən Əkbər Vəliyev prosesdə ifadəsində həbsdən çıxdıqdan sonra arvadının başını kəsəcəyini elan edib.

İyunun 6-da saat 23 radələrində Sabunçu rayonu, Zabrat qəsəbəsində Ramil Rəhmanov şəxsi münasibətlər zəminində aralarında yaranmış münaqişə zamanı Svetlana Məmmədova boğazından bıçaqlayıb, qadın xəstəxanada ölüb.

Mayın 28-də Bakının Xəzər rayonunun Mərdəkan qəsəbəsində 1978-ci il təvəllüdlü Namiq Rəsulov 17 il öncə evləndiyi və indi ondan boşanmaq üçün məhkəməyə müraciət edən həyat yoldaşı, 1984-cü il təvəllüdlü Fərqanə Rəsulova bıçaqlayıb. Daha sonra özünə bıçaqla xəsarət yetirib.

Mayın 27-də Cəlilabad rayonunun Təzəkənd kəndində 1980-ci il təvəllüdlü Cavid Bayramov keçmiş həyat yoldaşı, 1976-cı il təvəllüdlü Rəna Xanalıyevaya çoxsaylı bıçaq zərbələri vuraraq qətlə yetirib.

Mayın 26-da Gəncə şəhərində “Gəncə səbəti” deyilən bazarda Qafar Amanov keçmiş arvadı Günay Amanovaya bıçaqla xəsarətlər yetirərək öldürüb. Mərhumla Q.Amanov bir müddət öncə ayrılıblarmış.

Aprelin 28-də Lerik rayonunun Barzavu kəndinin mollası, 49 yaşlı Murad Əskərov qonşusu, 40 yaşlı Zəkifə Fərziyeva onunla cinsi əlaqədə olmaq istəməməsinə görə öldürüb.

M.Əsgərov uzun illərdir həyat yoldaşı Rusiyada yaşayan qadınla cinsi əlaqədə olmaq istəyib. Lakin Zəkifə Fərziyeva etiraz edərək qışqırıb, bu zaman Murad Əsgərov onu vuraraq yerə yıxıb, daha sonra boğaz nahiyəsindən 7 bıçaq zərbəsi endirib. Öldüyünə əmin olmaq üçün isə sonradan boğazını kəsib.

Aprelin 14-də saat 15 radələrində Ucar rayonu, Qarabörk kəndində Qasım Məmmədov arvadı, 1985-ci il təvəllüdlü Validə Kərimova bıçaqlayaraq öldürüb.

Martın 28-də Qobustan rayonunda 1980-ci il təvəllüdlü Elnur Rəsulov aralarında yaranmış münaqişə zamanı arvadı, 1986-cı il təvəllüdlü Billurə Rəsulovanın boğazını kəsərək öldürüb. O, daha sonra özünə bıçaqla xəsarət yetirib.

Martın 19-da Abşeron rayonunun Masazır qəsəbəsində Ramin Şükürov həbsdən çıxandan bir gün sonra yaşadığı evə gəlib həyat yoldaşı Mətanət Şükürova döyərək ona ağır xəsarət yetirib. Daha sonra o, evi yandıraraq hadisə yerindən uzaqlaşıb.

Martın 1-də Zərdab rayonunda 1965-ci il təvəllüdlü Məhərrəm Aslanov qısqanclıq zəminində aralarında yaranmış mübahisə zamanı arvadı, 1968-ci il təvəllüdlü Rəhilə İsrəfilova boğaraq öldürüb.

Fevralın 23-də Şəmkir rayonunda 1993-cü il təvəllüdlü Siyavuş Pənahov qısqanclıq zəminində arvadı, 1995-ci il təvəllüdlü Gülşən Pənahova döyüb və ona küt alətlə xəsarət yetirib. S. Pənahov daha sonra isə dostu, 1996-cı il təvəllüdlü Misafi Cəfərova çoxsaylı bıçaq xəsarətləri yetirib.

Fevralın 1-də Suraxanı rayonunda 1988-ci il təvəllüdlü Ehtibar Qasımov qısqanclıq zəminində arvadı, 1992-ci il təvəllüdlü Fəridə Qasımovaya bıçaqla xəsarətlər yetirərək öldürüb.

Yanvarın 22-də Cəlilabad rayonu, Uzuntəpə kəndində 1969-cu il təvəllüdlü Qədirağa Mirzəyev qısqanclıq zəminində arvadı, 1967-ci il təvəllüdlü Yemən Mirzəyevanın baş nahiyəsinə xəsarətlər yetirərək onu öldürüb.

Yanvarın 16-da Sumqayıtda oteldə gecələyən ər-arvad arasında düşən mübahisə zamanı 1992-ci il təvəllüdlü Orxan Həsənov həyat yoldaşı, 1997-ci il təvəllüdlü Ayişə Həsənova yastıqla boğaraq öldürüb.

Martın 7-də isə illərlə döyülən, işgəncə görən qadın yaşamaq və övladlarını qorumaq üçün qatil oldu. Suraxanı rayonunda 1980-ci il təvəllüdlü Günay Şıxəliyeva içki aludəçisi olan əri, 1976-cı il təvəllüdlü Mahir Şıxəliyevin sərxoş vəziyyətdə onu döydükdən sonra dəmir linglə onun başından vuraraq qətlə yetirib. Hazırda həbsdə olan G.Şıxəliyevanın məhkəmə prosesi davam edir.