Bakıda vətəndaşlara qarşı dələduzluq etməkdə, gəncləri Türkiyədə təhsil almağa göndərmək adı ilə aldatmaqda suçlanan şəxs növbəti dəfə hakim qarşısına çıxarılıb.

Musavat.com xəbər verir ki, Bakı Ağır Cinayətlər Məhkəməsində dələduzluqda ittiham edilən 28 yaşlı Rüstəm Kərimzadənin cinayət işi üzrə məhkəmə iclası davam etdirilib.

Hakim Mirzə Xankişiyevin sədrliyi ilə keçirilən məhkəmə iclasında zərərçəkmişlər ifadə verib. Məlum olub ki, Türkiyədə təhsil almaq istəyən şəxslər Rüstəm və digərlərinə 500-1000 manat civarında ödəniş ediblər. Lakin həmin şəxslərin Türkiyədə təhsil almaq arzusu baş tutmayıb.

Məhkəmə iclasında ifadə verən zərərçəkmişlərin dediklərindən aydın olub ki, universitetə qəbul üçün verdikləri ödənişi Rüstəm Kərimzadədən geri ala biliblər. Həmin məbləğləri Rüstəm Kərimzadənin yaxınları ödəyib. Bir hissəsini isə Rüstəm həbs edilməmişdən əvvəl özü zərərçəkmişlərə qaytara bilib.

Amma zərərçəkmişlər bununla razılaşmır. Deyirlər ki, onlara əlavə zərər də dəyib və bu da ödənilməlidir. Zərərçəkmişlər Türkiyəyə gedərkən 250 manat yol xərci və 200 manata yaxın kirayə haqqının da ödənilməsini istəyirlər.

“Bizi Türkiyədə qarşılamalı idilər, ancaq heç kim qarşılamadı. Bizi pulsuz tələbə yataqxanasına yerləşdirəcəklərini demişdilər. Amma biz aylıq 100 dollara yataqxanada qalmalı olduq” – deyə zərərçəkmişlər bildirib.

Hakim deyib ki, Rüstəm Kərimzadəyə qarşı irəli sürülən ittihamda yalnız qəbul üçün ödənilən 500-1000 manatlıq məbləğlər qeyd edilib. Əgər zərərçəkmişlər istəyərsə, mülkü qaydada məhkəməyə müraciət edərək digər məbləği də tələb edə bilərlər. Zərərçəkmişlərdən bəziləri Rüstəm Kərimzadədən şikayətçi olmadıqlarını deyiblər. Bildiriblər ki, pulu başqa şəxslərə veriblər.

EkranAlıntısı.JPG (36 KB)

Qeyd edək ki, Rüstəm Kərimzadə “Elit Academy” şirkətin rəhbəri olub. Şirkət tələbələri Türkiyə universitetlərində təhsil almağa göndərirmiş. Rüstəm Kərimzadə həmçinin Bakıda ilk dəfə “Galatasaray” futbol klubunun rəsmi mağazasının (GS Store Azerbaycan) nümayəndəliyinin də rəhbəri olub.

İttihama görə, Kərimzadə xeyli insandan təhsilə göndərmək adı ilə pul alaraq onlara qarşı dələduzluq edib. Törətdiyi əmələ görə ona qarşı Cinayət Məcəlləsinin 178.3.2-ci (külli miqdarda dələduzluq) maddəsi ilə ittiham irəli sürülüb.

Qeyd edək ki, bu cinayət işi üzrə 35 nəfər zərərçəkmiş qismində tanınıb. Zərərçəkmiş valideynlər “Elit Academy” şirkətilə müqavilə bağlasalar da övladlarının müqavilənin şərtlərində göstərilən universitetlərə qəbul ola bilmədiklərini deyiblər. Onlar deyir ki, şirkət təkcə Türkiyəyə avtobusla gediş haqqı üçün bir nəfərə 250 manat pulu alıb. Əksəriyyəti isə Türkiyəyə gedərkən övladlarının adının siyahıda olmadığını öyrəniblər.

Rüstəm Kərimzadə özünü “Elit Academy”nin 5 ölkədəki rəhbəri kimi təqdim edib. Vətəndaşlar ondan şikayət edən zaman Özbəkistanda olub. Rüstəm Kərimzadə həbs edilməmişdən əvvəl bildirib ki, onların yeganə problemi Çanakkale Universiteti ilə yaranıb. 16 tələbə yolda olarkən universitet imtina edib.

Kərimzadə deyib ki, Çanakkale Universiteti 38 tələbəni qəbul edəcəyinə dair məlumat versə də, sonradan yer olmadığını bildirib: “Şikayət etməyimizə, imza toplamağımıza baxmayaraq, universitet məsuliyyətdən boyun qaçırdı. Əlimizdə buna dair rəsmi yazışmalar və onların sübutu var. Buna baxmayaraq, şirkətimiz vəziyyətdən çıxdı və 38 nəfərin 31 nəfərini öz razılıqları ilə Türkiyənin digər universitetlərinə yerləşdirdi. Geri qalan 7 nəfərin ödənişi də hissə-hissə qaytarılır. Son olaraq Giresun Universitetində də oxşar halla rastlaşıldı. Universitet 32 nəfər tələbənin 15-ni qəbul etdi. Geri qalan 17 nəfərin isə 8 nəfəri Giresuna qonşu şəhər olan Rize şəhərinə yerləşdirilir və qalan 9 tələbələrə də eyni şəhər təklif olunur və çox güman bu uşaqlar da tələbə adını qazanacaq. Görüldüyü kimi, problemi həll edilməyən sadəcə 7 nəfər var.

Təəssüf ki, mediada yayılan bəzi xəbərlərdə, bu rəqəmlər qeyri-peşəkar şəkildə şişirdilərək, 50-60 nəfər kimi göstərilir. Şirkətimizi dələduzluqda ittiham edilir. Bildiyimiz kimi dələduzluq edən şirkətlər adətən böyük məbləğdə pulu alır və qaçır. Bizim problemli tələblərimizin sayının maksimum 16 (9+7) nəfər olduğunu və xidmət haqqının sadəcə 499 azn olduğunu nəzərə alsaq, 7984 (24×499) manat heç şirkət işçilərinin maaşını ödəmir. Və bu məbləği mənimsəmək üçün heç bir şirkət tələbəni aldatmaz və ən gülməlisi Türkiyəyə aparmaz. Şirkətimizin qarşılaşdığı bu fors-majordan istifadə etmək istəyən bəzi valideynlər 499 azn ödəməsinə baxmayaraq, bizdən 1000-5000 manat arası məbləğdə pul tələb edir. Pulunun yarısı ödənən şəxslər, onlara pul ödənmədiyinə dair açıqlama verir. Hətta bəzi şəxslər özlərini tələbənin əmisi, dayısı ,xalası kimi təqdim edərək pul tələb edir. Bu kimi halların qarşısını alınması və ödənişlərin şəffaf şəkildə qaytarılması üçün şirkət rəhbəri müqaviləsi olan şəxslərin pulunun qaytarılacağını açıqlayıb”.