06.10.2026 - 15:17
'TikTok'da hüquq məsləhətçisi kimi tanınan qadının məhkəməsi davam edir
Kriminal 4 baxış

'TikTok'da hüquq məsləhətçisi kimi tanınan qadının məhkəməsi davam edir

Bakı Ağır Cinayətlər Məhkəməsində “TikTok” və digər sosial şəbəkələrdə özünü “Hüquq mərkəzi” adı altında vəkil kimi təqdim edərək vətəndaşlardan külli miqdarda pul alan Səbiyyə Panəliyevanın cinayət işi üzrə məhkəmə prosesi davam edir. Məhkəmə iclası hakim Nigar İmanovanın sədrliyi ilə keçirilir.

Minval.info xəbər verir ki, məhkəmə iclasında zərərçəkənlərin ifadələri dinlənilib. Zərərçəkən D.G ifadəsində bildirib ki, Panəliyeva onu beynəlxalq səviyyədə tanınan “Hüquq mərkəzi”nin direktoru və Lomonosov adına universitetin hüquq fakültəsinin məzunu kimi təqdim edib. Bu təqdimatdan sonra D.G ona 13 min 658 manat ödəyib, lakin Panəliyeva yalnız 5 min 658 manatını geri qaytarıb.

Digər zərərçəkən M.P isə 25 min manatlıq başqa bir dələduzluq işi ilə bağlı hüquqşünas axtararkən Panəliyevanı tapdığını deyib. O, Panəliyevanın başqa bir şəxsin 47 min manatını geri qaytardığını deyərək etimadını qazandığını, lakin sonra müxtəlif bəhanələrlə pul aldığını bildirib.

Şahid Ş.A isə Panəliyevanı 2024-cü ildə tanıdığını və onun vasitəsilə qonşusundan 80 min 100 manatlıq borcunu almaq üçün kömək istədiyini qeyd edib. Ş.A ümumilikdə 4 min 500 manat ödədiyini, lakin daha sonra Panəliyevanın telefonlarını söndürərək zənglərə cavab vermədiyini deyib.

Növbəti məhkəmə prosesi oktyabrın 20-si saat 17:00-a təyin olunub. Xatırladaq ki, Yasamal Rayon Polis İdarəsində aparılan istintaq tədbirləri nəticəsində Panəliyeva 145 nəfərin ümumilikdə 449 min 916 manatını dələduzluq yolu ilə ələ keçirməkdə təqsirləndirilib. İstintaq zamanı vurulan maddi ziyanın 381 min 529 manatının ödənilməsi təmin olunub.

Bu xəbəri paylaş:
Link yaddaşa kopyalandı!

Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!

Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun: