22.08.2026 - 22:39
Təhsil 47 baxış

Davranış pozuntusu olan uşaq məktəbə niyə qaytarıldı?

Paytaxt sakini Dünya Dadaşova, 13 yaşlı əlilliyi olan oğlu Tunar Dadaşovun təhsili ilə bağlı yaşadığı çətinlikləri ictimaiyyətə açıqlayıb. Ana, övladının xüsusi qayğıya ehtiyacı olduğunu vurğulayıb.

Minval.info xəbər verir ki, yeniyetmə daha əvvəl məktəbdə və cəmiyyətdə aqressiv davranışlar sərgiləyib, həmyaşıdlarına xəsarət yetirib. Bu səbəbdən aidiyyəti qurumun qərarı ilə evdə təhsilə yönləndirilib. Lakin son zamanlar şagirdin təhsilini 254 nömrəli tam orta məktəbdə davam etdirməsi qərara alınıb.

Dünya Dadaşova, övladının davranışlarını idarə etməkdə çətinlik çəkdiyini və onun yenidən həmyaşıdları ilə problem yaşaya biləcəyindən narahat olduğunu bildirib. “Övladım II qrup əlilliyi və ciddi davranış pozuntusu olan uşaqdır. Dərman qəbul etməsə, özünü idarə edə bilmir. 5-ci sinfə qədər kütləvi məktəbdə oxusa da, aqressiv davranışlarına görə evdə təhsilə keçirilmişdi. Son iki il ərzində evdə sakit şəkildə təhsil alırdı. İndi isə onu yenidən 254 nömrəli tam orta məktəbə yönləndiriblər. Özünü idarə etməkdə çətinlik çəkən, evdə və həyətdə uşaqlara xəsarət yetirən bir uşağın kütləvi təhsilə qayıtması təhlükəlidir. Məktəbdə baş verə biləcək bədbəxt hadisənin məsuliyyətini kim daşıyacaq?!” – deyə ana narahatlığını ifadə edib.

Bu xəbəri paylaş:
Link yaddaşa kopyalandı!

Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!

Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun: