“Ölkəmizdə COVID-19 pandemiyası bitib. Heç bir panikaya, karantin qaydalarının tətbiqinə, sərtləşdirilməsinə, yeni karantin qaydaları tətbiq edərək insanları cərimələməyə və qorxutmağa əsas yoxdur. Xüsusən də insanları yenidən maska geyinməyə məcbur etmək və buna görə cərimələmək yolverilməzdir!” 

Bu fikirləri Bizim.Media-ya tanınmış həkim, radioloq Aydın Əliyev bildirib. Onun sözlərinə görə yoluxma sayının artmasının heç bir təhlükəsi yoxdur:

“Çünki virus mutasiyaya uğradıqca öldürücülük qabiliyyəti demək olar ki, sıfırlanıb. Əhali 15 000 000 civarında 3 doza peyvənd edilib. Rəsmi statistikaya görə təqribən 1 000 000 insan yoluxub və sağalıb. Qeyri-rəsmi isə bundan 3-5 dəfə daha çox, təxminən 3 000 000 -5 000 000 insan COVID-ə yoluxub, sağalıb. COVID-19 artıq mövsümi qripdir. Əks halda gərək hər gün qripə, suçiçəyinə və digər yoluxucu xəstəliklərə yoluxanların da sayı açıqlansın. Gündəlik statistikada göstərilən ölüm sayı əsaslandırılmamış göstəricidir”.

Həkim hesb edir ki, insanın hansı xəstəlikdən dünyasını dəyişdiyini təsbit etmək üçün dəqiq patoloji anatomik müayinə aparılmalıdır:

“Meyitin bütün orqanlarından nümunələr götürülüb tədqiq edilməlidir. COVID-19 testi müsbət olduğu halda vəfat edən şəxslərdə bu müayinələr aparılmır. Aparılmadığı halda bütün ölkəyə belə bir statistikanın göstərilməsi məsuliyyətsizlikdir. Ona görə də statistikada göstərilən ölüm sayı qətiyyən həqiqəti və reallığı əks etdirmir. Nə qədər ki, elmə, məntiqə, həqiqətə istinad etməyəcəyik və bunların sübutunu tələb etməyəcəyik, o vaxta qədər də əzab-əziyyət çəkəcəyik”, – deyə həkim əlavə edib.