Son zamanlar sürücülər BNA tərəfindən onlara tətbiq olunan cərimələrdən şikayətlənirlər.

Belə ki, Bakıda dayanma-durma qaydalarının pozulması ilə bağlı Bakı Nəqliyyat Agentliyinin (BNA) elektron qaydada tərtib etdiyi cərimələrlə bağlı müxtəlif fikirlər səslənir. Sürücülər əsasən, sosial şəbəkələrdə bu məsələyə dair tez-tez şikayətlərini dilə gətirirlər. Bəzən BNA-nın cərimə protokollarının qanunsuz tərtib edildiyi də iddia olunur. Sürücülər eyni zamanda videomüşahidə və foto ilə onlara tətbiq olunan cərimənin düzgün olmadığını da dilə gətiriblər.

Onlar bildirirlər ki, yolda dayanma-durmanın pozulması müxtəlif səbəblərdən ola bilər. Məsələn, avtomobildə hər hansısa bir texniki problem yarana bilər və ya sürücünün halı qəflətən pisləşələr və avtomobilini anidən saxlayar. Bu zaman adətən DYP-nin əməkdaşları yaxınlaşaraq məsələni öyrənməlidir. Əgər həqiqətən qayda pozuntusu varsa, o zaman cərimə tətbiq olunmalıdır.

Lakin hazırki vəziyyətdə tətbiq olunan cərimələr BNA-nın videomüşahidələri əsasında aparılır. Bəs belə cərimələrin tətbiq olunması qanunidirmi?

Sualımızı BNA-nın hüquq şöbəsi müdirinin müavini Daşqın İbadov cavablandırıb.

Bildirilir ki, Agentlik tərəfindən İnzibati Xətalar Məcəlləsinin 346.1-ci və 346.2-ci maddələrində göstərilən inzibati xətalar haqqında işlər üzrə icraat həmin Məcəllənin 124.5-ci və 124.6-cı maddələri üzrə aparılır. Qeyd edilən maddələr üzrə icraatın aparılmasının təmini ilə bağlı tərəfimizdən paytaxtın müxtəlif ərazilərində kameralar quraşdırılmış və Agentliyin əməkdaşları tərəfindən kameralar vasitəsi ilə müntəzəm müşahidə aparılaraq inzibati xəta törədilməsi faktı aşkar edilir.

Bundan əlavə, qeyd edilən Məcəllənin 122.1-ci maddəsində foto və ya video qeydiyyat funksiyalarına malik xüsusi texniki vasitələrin köməyi ilə aşkar edilən inzibati xətaların dairəsi qəti şəkildə müəyyən edilməmişdir, bununla bağlı həmin, habelə Məcəllənin digər maddələrində düzünə göstəriş yoxdur. Sözügedən maddənin məqsədi yalnız onda sadalanan inzibati xətalarla bağlı icraatın aparılmasının xüsusi qaydasını tənzimləməkdən ibarətdir.

Eyni mövqe Məcəllənin 57.6-cı maddəsinə 23 fevral 2021-ci il tarixdə edilmiş dəyişiklikdən də aydın şəkildə görünür. Belə ki, həmin maddədə 122.1-ci maddə ilə yanaşı, 124.5-ci və ya 124.6-ci maddalərdə də nəzərdə tutulan, xüsusi texniki vasitələri köməyi ilə aşkar edilən inzibati xətaların rəsmi qaydada verilməsindən bəhs edilir.

Başqa sözlə, qanunverici Məcəllənin 124.5-ci və ya 124.6-cı maddələrində nəzərdə tutulmuş inzibati xətaların (o cümlədən 346.1 və 346.2) da kameraların köməyi ilə aşkar edilməsini mümkün hesab edir. Bu hal ise Agentlik tərəfinden kameralar vasitəsi ilə inzibati xətaların aşkar edilməsinin qanuniliyinə dəlalət edir.

Eyni zamanda, aşkar edilmiş inzibati xətalar əməkdaşlarımız tərəfindən təsdiq edildiyindən video müşahidələr zamanı nəqliyyat vasitəsində texniki nasazlıq halı aşkar edilərsə bu halda inzibati tənbeh vermə haqqında qərar qəbul edilmir. Həmçinin bu əsasla sürücülər tərəfindən barələrində tərtib olunmuş qərarlar mübahisələndirilərsə və həmin fakt öz təsdiqini taparsa inzibati tənbeh vermə haqqında qərarlar ləğv edilir.

Anar Əhməd

Minval.info