Bakı Ağır Cinayətlər Məhkəməsində qida və qeyri-qida məhsullarının satışı ilə məşğul olan “Avrora” MMC-nin satış meneceri Mehman Hüseynov və bölgə müdiri Tofiq Rzayev barəsində Cinayət Məcəlləsinin 179.3.2-ci (mənimsəmə və ya israf etmə – külli miqdarda törədildikdə) maddəsi iləaçılmış iş üzrə məhkəmə prosesi başa çatıb.

News24.az-ın məlumatına görə,  istintaq zamanı müəyyən edilib ki, həmin şəxslər Abşeron rayonu, Hökməli qəsəbəsində yerləşən anbarından qəbul edib Bakı şəhərində ayrı-ayrı ünvanlarda yerləşən 38 ticarət obyektlərinə təhvil verdikdən sonra öhdələrinə götürdükləri cəmi 3.036.928,5 manat dəyərində enerji içkilərinin satışı ilə bağlı obyektlərindən əldə etdiyi pul vəsaitindən cəmiyyətin xəzinəsinə 2.099.497,65 manat ödəyib. Həmçinin cəmiyyətin anbarına 25.349,5 manat dəyərində malları geri qaytarmaqla, 480.367,55 manat dəyərində hədiyyə malları və ticarət obyektlərində qalan 9.799,91 manat dəyərində mallar hesabdan çıxarılıb, eləcə də hesabında olan 3,63 manat pul artıqlığı nəzərə alınmaqla, satılan mallara görə ticarət obyektlərindən qəbul edilən cəmi 421.917,67 manat məbləğində pul cəmiyyətin xəzinəsinə təhvil verilməyib.

Məlum olub ki, hər iki şəxs qabaqcadan əlbir olaraq kassaya daxil etmədikləri vəsaiti bölüb şəxsi ehtiyaclarına xərcləməklə bir qrup şəxs qismində öz qulluq mövqeyindən istifadə etməklə ələ keçiriblər.

Məhkəmədə ifadə verən təqsirləndirilən şəxslər yaranmış kəsirin ticarət obyektlərində həyata keçirilmiş endirim kampaniyaları, vaxtı keçmiş məhsullar və digər səbəbindən yarandığını, işlədikləri şirkətə qarşı hər hansı cinayət törətmədiklərini bildiriblər.

Şirkətin nümayəndələri isə müxtəlif vaxtlarda kassaya ödənilməli olan vəsaitin xəzinəyə yazdırılmadığını, ticarət obyektləri ilə üzləşmə aparıldığını və həmin mağaza və köşklərin qalıq borcunun qalmadığını, hər iki şirkət əməkdaşının qabaqcadan əlbir olaraq külli miqdarda vəsaiti ələ keçirdiyini bildiriblər.

Məhkəmədə satış nümayəndəsi ilə bölgə müdiri arasındakı yazışma və səs yazıları da elan edilib.

Bakı Ağır Cinatyətlər Məhkəməsində hakim Cavid Hüseynovun sədrliyi ilə keçirilən prosesin yekununda təqsirləndirilən şəxslərin hər biri 8 il müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilib.

Minval.info qeyd edir ki, “Avrora” MMC-nin bazarda bilinən ikisi spirtli olmaqla 4 enerji içkisi var. Bunlar “Bizon”, “Berg”, “Go” və “Jaguar”dır.