DTX-nın həbs etdiyi xarici ölkə vətəndaşları hakim qarşısına çıxarılıb.

Musavat.com xəbər verir ki, Bakı Ağır Cinayətlər Məhkəməsində Rusiya və Ukrayna vətəndaşların məhkəməsi keçirilib.

Onlar Rusiya Federasiyasının vətəndaşı Lunin Pavel Sergeyeviç və Ukrayna vətəndaşı Serb Andrii Borisoviçdir.

Hər iki şəxs Azərbaycanda kibercinayətkarlıq yolu ilə bank hesablarından pul oğurlamaqda təqsirləndirilirlər.

Hakim Siyavuş Hacıyevin sədrliyi ilə keçirilən sonuncu məhkəmə iclasında hökm oxunub.

Hökmdən əvvəl son söz deyən təqsirləndirilən şəxslər özlərini təqsirli bilməyiblər.

Bildiriblər ki, Bakıya şirkət işilə məşğul olmaq üçün gəliblər: “Bizim məqsədimiz işə qəbulla bağlı şirkət yaradıb, inkişaf etdirmək idi. Əsasən də neft şirkətində işə qəbul məsələsində yardım etmək məqsədimiz olub. Bu məqsədlə də Bakıya gəlmişik. Hətta həyat yoldaşım da konsaltinq xidmətilə bağlı elanlar vermişdi. İşçi qüvvəsi cəlb eləmək istəyirdik. O ərəfədə Stanislav bir məsələdə kömək istədi. Dedi ki, Azərbaycanda turizm şirkətində “çp” baş verib, onun həllinə yardım etmək lazımdır. Mən də ona bu məsələdə kömək elədim”.

Onların ifadələrindən o da məlum olub ki, təqsirləndirilən şəxslər saxta yolla hazırlanmış ödəniş qəbzlərini aparıb Bakıdakı banklara təqdim edib, onun əsasında vəsaitlər köçürülüb.

Təqsirləndirilənlərdən Serb bildirib ki, həmin qəbzləri onlara Stanislav verib, onlar bu sənədlərin həqiqi, yoxsa saxta olmasını bilməyiblər.

Bəs Stanislav kimdir? Bu suala cavab verən Serbin dediyinə görə, o, Stanislavı Azərbaycana gəlməzdən çox az öncə tanıyıb.

Onların Pavellə eyni vaxtda Bakıya gəlmələri haqda da soruşulub. Serb bu məsələni belə izah edir ki, Bakıya gələcəyi haqda sosial şəbəkələrdə yazıb, başqaları, o cümlədən Stanislav və Pavel də buradan xəbər tutub.

Hökmə əsasən, onların hər ikisinə 12 il həbs cəzası kəsilib.

Prokuror törətdikləri əməllərə görə hər iki şəxsə ayrı-ayrılıqda 13 il azadlıqdan məhrum etmə cəzası təyin edilməsini istəmişdi.

Rəsmi məlumata görə, ötən ilin mayında Azərbaycan Respublikası Dövlət Təhlükəsizliyi Xidməti və Maliyyə Bazarlarına Nəzarət Palatasının mətbuat xidmətləri birgə yaydığı məlumata əsasən, bank məlumatlarının və əməliyyatlarının elektronlaşdığı müasir dövrdə informasiya texnologiyalarından mütəşəkkil istifadə edilməklə banklarda olan vəsaitlərin ələ keçirilməsi meyllərinin də artması müşahidə olunur. 2018-ci ilin may ayında müxtəlif formal şirkətlər yaradılmaqla və onların bank hesabları açılmaqla Azərbaycan banklarından alınan POS-terminallardan istifadə etməklə kibercinayətkarlıq yolu ilə əcnəbilərin bank hesablarından milyonlarla vəsaitin yerli banklardakı qeyd olunan hesablara, həmin hesablardan isə MDB ölkələrindəki müxtəlif hesablara köçürülməsi yolu ilə talanması, yerli banklara əsassız daxil olmuş vəsaitlərin dəyərinin qeyd olunan xarici vətəndaşlara qaytarılması nəticəsində yerli banklara maddi ziyan vurulması barədə məlumatlar daxil olub.

Qeyd olunan məlumatlar əsasında Dövlət Təhlükəsizliyi Xidmətində başlanılmış cinayət işi üzrə Maliyyə Bazarlarına Nəzarət Palatası ilə birgə həyata keçirilmiş təxirəsalınmaz tədbirlər nəticəsində bu cinayət əməllərini törətməkdə şübhəli bilinən Rusiya Federasiyasının vətəndaşı Lunin Pavel Sergeyeviç və Ukrayna vətəndaşı Serb Andrii Borisoviç müəyyən edilərək saxlanılıb, onlara məxsus bank hesablarında olan vəsaitlər müəyyən edilərək dondurulmuş, müvafiq əməliyyatların həyata keçirilməsinin qarşısı alınıb.

Lunin Pavel Sergeyeviç və Serb Andrii Borisoviç Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177-ci (oğurluq) və 272-ci (kompüter məlumatlarını qanunsuz ələ keçirmə) maddələri ilə cinayət məsuliyyətinə cəlb edilib, barələrində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib.

Zərərçəkmiş tərəflər “Ekspressbank”a 81 min manat , “Azərtürkbank”a 341 min manat, “Azəriqazbank”a isə 141 min manat zərər dəyib.

İlkin Muradov
Musavat.com