10.09.2026 - 08:56
Ölkə 10 baxış

Azərbaycan-Qazaxıstan dəniz marşrutu yenidən bərpa olunur

Azərbaycan və Qazaxıstan arasında Xəzər dənizi vasitəsilə sərnişin daşımalarının bərpa olunması iki ölkə arasında turizm və iqtisadi əlaqələrin inkişafına müsbət təsir göstərə bilər. Lakin bu addımın qısa müddətdə ciddi iqtisadi dinamika yaradacağı gözlənilmir.

Minval.info xəbər verir ki, iqtisadçı Eldəniz Əmirov bu marşrutun bərpa olunmasını müsbət addım kimi qiymətləndirib. O bildirib ki, marşrutun turizm və digər sahələrdə köklü dəyişikliklərə səbəb olacağını gözləmək sadəlövhlük olardı. Ekspert qeyd edib ki, marşrut 2020-ci ilə qədər fəaliyyət göstərib və pandemiyadan əvvəl təxminən 1,4-1,5 min sərnişin bu xidmətdən istifadə edib. Gələcəkdə sərnişin sayının 2-3 minə çatması belə iki böyük ölkə arasında ciddi iqtisadi rezonans və ya turizm təklifində kəskin artım yaradacaq səviyyə deyil.

E.Əmirov bildirib ki, marşrutun bərpası həm turizm sektorunda, həm də iki ölkə arasında iqtisadi və digər sahələrdə əməkdaşlıq imkanlarının genişləndirilməsi baxımından əhəmiyyətlidir. 2026-cı ilin birinci rübündə Qazaxıstandan Azərbaycana 20 minə yaxın səfər qeydə alınıb ki, bu da əvvəlki ilin eyni dövrü ilə müqayisədə 8,9 faiz artım deməkdir. Ekspertin sözlərinə görə, vizasız rejim və birbaşa aviareyslərin mövcudluğu da iki ölkə arasında turizm əlaqələrinin inkişafına müsbət təsir göstərir.

İqtisadçı dəniz sərnişindaşımalarının Orta Dəhlizin Xəzər dənizi üzərində daha bir seqmentinin yenidən təşkili kimi qiymətləndirilə biləcəyini də bildirib. Yeni sərnişin xidmətinin tarifləri və qrafiki ilə bağlı yekun qərarlar açıqlanmadığından onun təyyarə ilə müqayisədə daha ucuz olub-olmayacağını dəqiq demək çətindir. Bununla belə, böyük ehtimalla dəniz nəqliyyatının aviareyslərdən daha ucuz olacağını düşünür.

Ekspert vurğulayıb ki, dəniz nəqliyyatının sürət baxımından aviareyslərlə rəqabət aparması mümkün deyil. Bu marşrutun əsas üstünlükləri daha aşağı qiymət və sərnişinlər üçün fərqli nəqliyyat marşrutunun yaradılması ola bilər. Ümumilikdə, Xəzər dənizi vasitəsilə sərnişindaşımaların bərpası iki ölkə arasında iqtisadi əlaqələrə və turizm sektoruna müsbət təsir göstərəcək, lakin bunun qeyri-adi yüksəliş dinamikası yaradacağı gözlənilmir.

Bu xəbəri paylaş:
Link yaddaşa kopyalandı!

Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!

Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun: