Cəlilabad rayonunda qətl törətməkdə təqsirli bilinərək məhkum olunan Həmzəyev Əvəz Əhməd oğlu Ali Məhkəməyə müraciət edib.

“Ölkə.Az” xəbər verir ki, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 120.2.4-cü, yəni xüsusi amansızlıqla və ya ümumi təhlükəli üsulla adam öldürmə maddəsi ilə təqsirli bilinərək Lənkəran Ağır Cinayətlər Məhkəməsi tərəfindən 17 il 6 ay müddətinə azadlıqdan məhrum edilən 1999-cu il təvəllüdlü Həmzəyev Əvəz Əhməd oğlu Ali Məhkəmədən işin yenidən araşdırılmasını və barəsindəki qərarın dəyişdirilməsini xahiş edib.

Hakim İmran Hacıqayıbovun sədrliyi ilə keçiriləcək məhkəmə baxış iclası dekabr ayının 3-nə təyin olunub.

Xatırladaq ki, hadisə 2017-ci ilin dekabrın 28-də baş verib. 1999-cu il təvəllüdlü Əvəz Həmzəyev Uzuntəpə kəndində hərəkətdə olan marşrut avtobusunda həmyerlisi Rakif Hüseynovu bıçaqlayaraq öldürüb. Hadisəyə səbəb Ə.Həmzəyevin bacısının həyat yoldaşı (R. Hüseynovun oğlu-red.) ilə münasibətlərinin pozulması olub. Bacısının həyat yoldaşının evinə qayıtmasına R.Hüseynovun mane olduğunu düşünən Əvəz avtobusda onu qətlə yetirib. Hadisə vaxtı Rakif Hüseynovun həyat yoldaşı yanında olub və qətl qadının gözləri qarşısında törədilib.

Qeyd edək ki, daha əvvəl Ə.Həmzəyev apelyasiya instansiyasına müraciət etsə də, qərar dəyişdirilməyib.