Almaniyadan Paşinyana "sülh mükafatı” – Bakıya mesaj, yoxsa...
Ermənistanın baş naziri Nikol Paşinyan Almaniyaya səfər edəcək. Səfərin əsas məqsədi ona Hessen Sülh Mükafatının təqdim olunmasıdır. Mükafat Paşinyana Almaniyanın Hessen federal torpağının parlamentində, Viesbadendə keçiriləcək mərasim zamanı təqdim ediləcək.
Məlumata görə, Paşinyanın bu mükafata layiq görülməsinin əsas səbəbləri Ermənistanın Avropa İttifaqı ilə yaxınlaşması və Cənubi Qafqazda sülhün əldə olunması istiqamətində göstərdiyi səylərdir.
Mükafatın məhz bu dövrdə Paşinyana təqdim olunması diqqət çəkir. Ermənistan hökuməti son illərdə Aİ ilə siyasi və təhlükəsizlik əlaqələrini genişləndirir, eyni zamanda Azərbaycanla sülh prosesini irəli aparmağa çalışır.
İrəvan bunu Ermənistanın yeni xarici siyasət kursunun nəticəsi kimi təqdim edir. Bakı isə sülh prosesində əsas məsələlərin, o cümlədən Azərbaycan və Ermənistan arasında əldə olunmuş razılaşmaların praktiki icrasının vacibliyini vurğulayır.
Paşinyanın Almaniyada mükafatlandırılması belə bir sual da yaradır: bu addım yalnız onun Avropaya inteqrasiya siyasətinə verilən qiymətdir, yoxsa Cənubi Qafqazda gedən proseslərə siyasi mesaj xarakteri daşıyır? Cənubi Qafqazda sülhün əsas memarı Azərbaycan Prezidenti deyilmi?

Milli Məclisin deputatı Aydın Mirzəzadə Musavat.com-a bildirib ki, Avropa İttifaqı marağı olduğu bölgələrdəki bütün ölkələrlə işləməyə, sıx əlaqələr qurmağa çalışır. Onlardan biri də Ermənistandır: “Eyni zamanda, Avropadakı erməni diaspor dairələrinin, Ermənistanın indiki rəhbərliyinin Avropa ilə daha sıx münasibətlər qurmaq istəyi faktoru da ortada var. Bu baxımdan həm birgə layihələrin həyata keçirilməsi, Ermənistana donorluq edilməsi, Ermənistan rəhbərinin müəyyən mükafatlara layiq görülməsi bu gün gündəmdədir. Ancaq bununla belə, bu gün regionda sülhün bərqərar edilməsinin əsas həm təşəbbüskarı, həm icraçısı Azərbaycandır. Məhz Azərbaycan öz ərazi bütövlüyünü təmin etməklə regiounun dünya birliyi proseslərində rolunu artırdı. Azərbaycan Orta Dəhlizin bölgəmizdən keçməsini təmin etdi”.
Deputat qeyd edib ki, Avropanın Ermənistanla əvvəllər də əlaqəsi var idi. Amma bu qədər yüksək səviyyədə deyildi: “Çünki Ermənistanın üzərində Azərbaycan torpaqlarının işğalı, Azərbaycanla gərgin münasibətlər yükü var idi. Avropa açıq şəkildə Ermənistanın işğalçılıq siyasətini dəstəkləyə bilməzdi. İşğal faktoru Avropanın Cənubi Qafqazla bağlı bir sıra layihələrini həyata keçirməsinə maneçilik törədirdi. Azərbaycanın öz torpaqlarını azad etməsi nəticəsində Ermənistanın üzərindən o yük götürülmüş oldu. Beləliklə Avropa üçün də yeni imkanlar açıldı. İndi isə Nikol Paşinyanın sülh mükafatına layiq görülməsi Ermənistanla əlaqələri daha da sıxlaşdırmaq, Ermənistana daha da nüfuz etmək üçündür. Torpaqlar işğaldan azad edilməsəydi bu gün Paşinyana sülh mükafatı verilməzdi. Azərbaycan üçün əhəmiyyətli olan öz suverenliyini bütün ərazisində bərpa etməsidir. Bir neçə gün sonra biz 20 sentyabr Suverenlik Gününü qeyd edəcəyik. Bu, Azərbaycanın apardığı qətiyyətli siyasət nəticəsində mümkün olub. Bəzən etiraf etməsələr də dünya bilir ki, Cənubi Qafqazda sülhün bərqərar edilməsinin əsas iştirakçısı, təşəbbüskarı, eyni zamanda sülhün qorunmasının əsas təminatçısı məhz Azərbaycandır, onun lideri cənab Prezident İlham Əliyevdir. Azərbaycan üçün bölgəmizdə sülhün daimi olması vacibdir. Azərbaycan sülhə sadiqliyini daim nümayiş etdirir”.
Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!
Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun:
OXŞAR XƏBƏRLƏR
Paşinyan: Rusiya bazası çıxsa, sahibsiz qalmayacağıq
Təhlükəli mallar bazardan çıxarılır: Yeni qaydalar təsdiqləndi
Məkkə hədəfdə: Husilərdən yeni təhdid!
Ukrayna Rusiyadan obyektlərin siyahısını gözləyir
Paşinyan: Kərki anklavı 1991 xəritələrinə əsaslanır
Mertsin reytinqi rekord səviyyədə enib
Kosmosda silahlanma: Rusiya ABŞ-yə meydan oxuyur