Afaq Bəşirqızı teatrların açılmasının tez-tez müzakirə olunmasının əleyhinə olduğunu açıqlayıb. Xalq artisti pandemiya dövründə muzey, orta və ali məktəblərin açılmasından sonra teatların da qapılarını tamaşaçıların üzünə açması təklifinə qətiyyətlə “yox” deyib. “Bu məsələ, ümumiyyətlə, müzakirə olunmamalıdır” deyimi müzakirə və iradlar doğurub.

2 ilə yaxındır səhnədən uzaqlaşmış sənətçilər böyük əksəriyyəti teatrların açılmasını istərkən Afaq Bəşirqızının fikirləri səsləndirməsi birmənalı qarşılamayan və hətta buna etiraz edən kimlər var?.

Minva.info xəbər verir ki, bu barədə Yenisabah.az-a danışan Xalq artisti Ramiz Məlik Afaq Bəşirqızının bu addımını sərt tənqid edib:

“Teatrlar mütləq açılmalıdır. Necə ola bilər ki, camaatı stadionlara doldururlar, hamı bir-birinin ağzının içində futbola baxır, amma teatrı bağlı saxlayırlar. Məgər stadionda koronavirus yayılmır? Teatrlarda məsafə ilə məşq etmək, tamaşa izləmək olmaz? Operativ Qərargah, TƏBİB nə fikirləşir?!

Aktyorluq incəsənətin tamamilə başqa növüdür, bu sənət heç birinə bənzəmir. Bəstəkar, rəssam evdə də fəaliyyətini davam etdirə bilər, amma aktyor mütləq tərəf müqabili ilə təmasda olmalı, daim məşq etməlidir.

500 nəfərlik zala 200 nəfərə giriş üçün icazə verib ara məsafəsi ilə tamaşaya baxıla bilməz? Təbii ki, olar. Afaq Bəşirqızı bu sözləri özü üçün, kiməsə xoş gəlmək üçün deyir.

55 ildir ki, teatrdayam və teatrların açılmasını tələb edirəm!”

Akademik Milli Dram Teatrının aktyoru tezliklə səhnəyə qayıtmaq istədiyini bildirib:

“Artıq 2 il olacaq ki, teatrların qapısı bağlıdır. Aktyor sənəti canlı sənətdir, təkbaşına heç bir şey edə bilməz. Teatr xalqın, dövlətin güzgüsüdür. Bu məsələni belə saxlamaq olmaz. Zəhmət çəksinlər, bu haqda dərindən düşünsünlər. Mədəniyyət Nazirliyi, Nazirlər Kabineti, Milli Məclis bu haqda düşünməlidir. Teatrlar mütləq açılmalıdır, başqa çarə yoxdur.

Yaşlı nəsil barmaqla sayılacaq qədər qalıb, biz nə etmişiksə, arxivdə qalıb, çıxarıb hərdən baxmaq olar. Bəs gənc nəsil nə etsin? Gözümün önündə 23-25 yaşında səhnəyə gələnlər artıq 40-ı haqlayıblar, nə əldə ediblər? Belə olmaz, teatrlar açılmalıdır. Əgər restoranlar, kafelər, iri ticarət mərkəzləri açılırsa, deməli, bunu da etmək olar. Özlərinin gəlir yerləri açılırsa, bəs teatr niyə bağlı qalmalıdır? Hansı sənətçi bunu müzakirə etmək istəmirsə, getsin yatsın evində, istirahət eləsin, heç bir yenilik eləməsin. Amma mən işləmək, yaratmaq istəyirəm. Mənim sağlamlığım, həvəsim yerindədirsə, niyə evdə oturmalıyam?! Mən hələ nələrsə edə bilərəm. Bizim teatrda 6-7 yaşlı aktyor var, yaşları 70-dən yuxarı olsa da, sağlamlıqları, səsləri yerindədir. Onlar hər şey edə bilərlər, niyə evdə oturmalıdırlar?

Bakıda keçirilən futbol yarışlarına baxıram, stadionlar doludur. Ara məsafəsi yoxdur, qışqırırlar, bağırırlar, köyəklərini soyunurlar, bəs onda koronavirus yayılmır? Futbola olar, amma teatra yox? Bu nə absurd düşüncədir?”