Sumqayıtda 41 yaşlı kişini qətlə yetirməkdə təqsirləndirilən şəxsin məhkəməsi başlayıb. Bu iş üzrə daha 3 nəfər də cinayət məsuliyyətinə cəlb edilib.

Musavat.com xəbər verir ki, Bakı Ağır Cinayətlər Məhkəməsində Turan Hüseynov, Qədir Səfərov, Turan Dadaşlı və Elşad Dadaşovun cinayət işi üzrə məhkəmə iclası başlayıb.

Hakim Cavid Hüseynovun sədrliyi ilə keçirilən məhkəmənin hazırlıq iclasında təqsirləndirilən şəxslərin anket məlumatları dəqiqləşdirilib.

Təqsirləndirilən şəxslərdən yalnız Turan Hüseynov həbsdədir. Digərləri isə ev dustaqlığındadır.

Anket məlumatları dəqiqləşdirilən zaman məlum olub ki, təqsirləndirilən şəxslərdən Elşad Dadaşov və Qədir Səfərov daha əvvəl cinayət əməli törədiblər.

Qədir Səfərov bir neçə dəfə məhkumluq həyatı yaşayıb. 39 yaşlı Səfərov adam öldürməkdə də ittiham edilərək ömrünün yarısını həbsxanada keçirib.

Məhkəmənin baxış iclası martın 6-na təyin edilib.

Qeyd edək ki, hadisə ötən il Sumqayıt şəhəri, 11-ci mikrorayonunda yerləşən kafelərin birində baş verib. 1978-ci il təvəllüdlü Babayev Tahir Gülmurad oğlu münaqişə zəminində bədəninin müxtəlif nahiyələrindən 18 bıçaq zərbəsi alaraq hadisə yerində ölüb.

Hüquq-mühafizə orqanlarının keçirdiyi əməliyyat-axtarış tədbirləri nəticəsində hadisəni törətməkdə şübhəli bilinən Qədir Səfərov, Turan Dadaşlı, Turan Hüseynov və Elşad Dadaşov saxlanılıb.

Turan Hüseynov barəsində həbs qətimkan tədbiri seçilib. Digərləri isə ev dustaqlığında buraxılıb.