Yunanıstanın baş naziri Kiriakos Mitsotakis açıqlaması ilə yenə Türkiyəni hədəf aldı

Son zamanlar bəyanatları ilə davamlı olaraq Türkiyəni hədəfə alan Yunanıstanın baş nazir Kiriakos Mitsotakis növbəti dəfə qalmaqallı açıqlamalar verib.

Musavat.com Türkiyə mediasına istinadən xəbər verir ki, Yunanıstanın “In.gr” qəzetində yer alan məlumata görə, Mitsotakis Türkiyəyə işarə edərək “Sərhədləri pozanlar sonunda cəzalandırılacaq, imperiya baxışları 21-ci əsrə sığmır” deyib.

Qəzet bu xəbəri “Miçotakisdən Ərdoğana cavab: Sərhədi pozanlar cəzalandırılacaq” başlığı ilə oxucularına təqdim edib.

Prezident Rəcəb Tayyib Ərdoğanın sədrliyi ilə keçirilən Türkiyə Milli Təhlükəsizlik Şurasının növbəti iclasından sonra yunan mətbuatı bu mövzuya geniş yer ayırıb.

“CNN Yunanıstan” isə “Ərdoğandan gözdağı: Egey adalarının silahlanması cavabsız qalmayacaq” başlığı ilə oxucularının qarşısına çıxıb.

“Ta Nea” qəzetində yayımlanan xəbərdə Ankara ilə Afina arasında adalar və immiqrasiya məsələlərində gərginliyin pik həddə çatdığı vurğulanıb, “Milli Təhlükəsizlik Şurasından sonra Ərdoğanın təhdidləri” başlığından istifadə edilib.

“Etnos” qəzeti isə Ərdoğanın “ABŞ NATO üzvləri arasında ədalətli davranmır” açıqlamasına diqqət çəkib. Qəzet bu açıqlamanı “Ərdoğan: Türkiyənin Kiprdəki hərbi varlığı daha da gücləndiriləcək” başlığı ilə təqdim edib.

Xatırladaq ki, Yunanıstanın baş naziri Miçotakisin ABŞ-da verdiyi açıqlamalardan sonra Türkiyə ilə Yunanıstan arasında münasibətlər daha da gərginləşib.

“Yunanıstan qonşularına dostluq əlini uzadır. Lakin biz suverenliyimizin, suveren hüquqlarımızın pozulmasına və Yunanıstan adaları üzərindən həddindən artıq uçuşlar keçirilməsinə dözməyəcəyik, buna dərhal son qoyulmalıdır. Konqres üzvlərindən xahiş edirəm ki, regionda silah satışı ilə bağlı qərarlar qəbul edərkən NATO-nun cənub-şərq cinahında yeni qeyri-sabitlik təhlükəsini nəzərə alın” – Mitsotakis demişdi.

O bu sözlərlə dolayı yolla F-16 təyyarələrinin Türkiyəyə satışına icazə verməməyi tələb etmişdi.

“Konqres üzvlərindən xahiş edirəm, ellinizmin 48 ildir əzab çəkdiyini və hələ də sağalmayan yarasını unutmayasınız. Mən Kiprə hücumu və adanın zorakılıqla parçalanmasını nəzərdə tuturam. Kiprdə heç kim iki ayrı dövləti heç vaxt qəbul etməyəcək” – Yunanıstanın baş naziri vurğulamışdı.