“Yoluxma sayının artımı bu cür davam edərsə, sərt karantin tədbirləri görülə bilər”- Həkim-infeksionist

1 ildən artıq müddətdir ki, dünyanı cənginə alan koronavirusa yüksək yoluxma hallarının artması səbəbindən ölkədə karantin rejimi sərtləşdirilir, bir sıra məhdudiyyətlər qoyulur.
Yoluxma sayının azalmasının ardından ölkədə yeni qərarlara əsasən, metropolitenin fəaliyyətinə, açıq havada maskasız gəzməyə və toylara icazə verildi həmçinin, bir sıra məhdudiyyətlər aradan qaldırıldı. Lakin son günlərdə saylarda artım müşahidə edilir.

Yoluxma hallarında artımın olduğunu və vaksinasiya prossesinin sürətlənməsini nəzərə alsaq sərt karantin rejiminin olma ehtimalı nə qədər yüksəkdir?
Həkim-infeksionist Nicat Əzimli “Minval.info”ya məsələ ilə bağlı bildirib ki, “Dünya ölkələrinin əksəriyyətində artım müşahidə olunur. ÜST artıq 4-cu dalğanın başlanğıcında olduğunu bildirib.
Azərbaycanda da kifayət qədər yumuşalmalar edilib. Həmçinin də dünya ölkələrində 4-cü dalğanın yayılmasını nəzərə alsaq yoluxmanın artması təbii haldır.
Vaksinasiya prosesinə gəldik də isə yoluxma hallarının əksəriyyəti vaksinasiyada iştirak etməmiş insanlar arasındadır. Vaksin olunmuş şəxslər üçün təhlükə çox azdır. Belə ki, yaxın günlərdə ABŞ-da aparılan tədqiqatlar nəticəsində məlum olub ki, peyvənd olunmuş şəxslər arasında ağır xəstəlik halları 1-2 faiz təşkil edir, bu da o deməkdir ki, vaksinlərin qoruyuculuq effekti olduqca yüksəkdir, həmçinin, yoluxma və ölüm halları sıfıra yaxındır. Vaksinin effekti “Alfa” və “Delta” ştammına da aiddir.
Lakin Azərbaycanda vaksinasiya prosesi istənilən səviyyədə deyil. Düşünürəm ki, əhali bu prosesdə olduqca aktiv iştirak edərək və qaydalara əməl edərək pandemiya dalğalarını zəiflədə bilər”.

Yaxın günlərdə Baş nazir Əli Əsədov bildirdi ki, – “ Yoluxmanın artması ciddi və təxirəsalınmaz tədbirlərin görülməsini tələb edir”. Nicat Əzimli görüləcək tədbirlərə münasibət bildirərək deyir ki, “Baş nazirin fikri ilə razıyam. Hazırda vəziyyət yaxşılaşmağa doğru getmir. Tədbirlər artırılmalıdır. Əgər yoluxma saylardında sürətli artım olarsa sərt tədbirlərin görülməsini adekvat sayıram.
Payızda mövsimi xəstəliklərdə artım həmişə müşahidə olunur, xüsusilə də infeksiyon xəstəliklərdə çox rast gəlinən bir durumdur. Covid-19 virusu da  hava-damcı yolu ilə yayılan bir infeksiya olduğunu nəzərə alarsaq mövsümi olaraq artım olacaqı gözlənilir.
Görüləcək tədbirlərə gəldikdə isə bu barədə Operativ Qərargah məlumat versə daha doğru olar.
Lakin, əvvəl görülmüş tədbirlərin yenə burada effektiv olacağını hesab edirəm. Bəzi qaydaların sərtləşdirilməsi yoluxma saylarındakı artımı dayandırıb, daha yaxşı irəliləyişədə gətirib çıxara bilər.
Hazırda sərt karantinə ehtiyac yoxdur. Lakin yoluxmanın artması bu cür davam edərsə, bu baş verə bilər. Buna görə də bəzi kiçik tədbirlər görülməlidir”.

Son olaraq 26.07.2021-ci ildə Operativ Qərargahın keçirdiyi brifinqdə Prezident köməkçisi Şahmar Mövsümov jurnalistlərə açıqlamasında qeyd etdi ki, “Əgər epidemioloji vəziyyət pisləşsə, qapanmaya getməyə məcbur olacağıq. Çünki insanlar ölür, xəstəxanalar dolur”.
Onun sözlərinə görə “Əgər insanlar qısa müddətdə kütləvi vaksinasiyaya getsələr, onda qapanmalara ehtiyac qalmayacaq”.

 

Ləman Cavadova