14.08.2026 - 15:27
Lent 14 baxış

Yayda evinizi qarışqa basıbsa, bu tövsiyələrə əməl edin!

Son zamanlar, xüsusilə yay aylarında evlərdə qarışqaların artması müşahidə edilir. Qarışqalar əsasən mətbəx, eyvan və qida məhsullarının saxlandığı yerlərdə görünür. Bəzən az sayda qarışqa qısa müddətdə evin müxtəlif yerlərinə yayılır.

Minval.info xəbər verir ki, ekoloq Cəmşid Bəxtiyarın fikrincə, qarışqaların evlərə daxil olmasının əsas səbəbi qida qalıqlarıdır. Şəkər, mürəbbə, bal, meyvə, çörək qırıntıları və hətta gözə görünməyən yapışqan şirinliklər qarışqaları cəlb edir. Su və rütubət də onların evlərə gəlməsinə səbəb ola bilər. Mətbəx və hamam, su borularının ətrafı qarışqalar üçün əlverişli yerlərdir.

Ekoloq əlavə edir ki, qarışqaların evlərə yayılmasında yaxınlıqda yerləşən yuvalar və hava şəraiti də mühüm rol oynayır. Yuva evin divarında, döşəmənin altında, pəncərə ətrafında və ya evə yaxın ağacların dibində yerləşə bilər. Yay aylarında qarışqaların fəaliyyəti və qida axtarışı artır. Yağışdan sonra torpaqdakı yuvalar nəmləndikdə və ya su altında qaldıqda qarışqalar daha quru yerlər axtarır və evlərə keçə bilirlər.

Cəmşid Bəxtiyar bildirir ki, bir qarışqanın qida mənbəyi tapması qısa müddətdə evdə onların sayının artmasına səbəb ola bilər. Qarışqalar feromon izi buraxaraq digər qarışqaları cəlb edir. Evdə qida qalıqları saxlanılmamalı, şəkər, bal, mürəbbə və digər şirin məhsullar açıq vəziyyətdə qoyulmamalıdır. Döşəmədəki qırıntılar təmizlənməlidir. Qarışqaların keçdiyi yolları da yaxşı təmizləmək lazımdır.

Ekoloq vurğulayır ki, yalnız qarışqaları öldürmək problemin tam həlli deyil. Onların keçdiyi yerləri sabunlu su ilə yaxşıca təmizləmək feromon izlərini aradan qaldırır. Qarışqalar pəncərə kənarlarından, divar çatlarından, plintusun altından və boruların ətrafındakı boşluqlardan daxil ola bilirlər. Bu yerləri möhkəm şəkildə bağlamaq onların qarşısını almağın effektiv yollarından biridir. Kiçik qarışqa yemi koloniyaya aparır və zəhər orada yayılır. Bu üsulla qarışqaların qarşısını daha effektiv almaq mümkündür.

Bu xəbəri paylaş:
Link yaddaşa kopyalandı!

Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!

Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun: