Əziz Qaralov: “Cənub bölgəsində yeni sürüşmə sahələri yaranıb”

Dekabrın 13-ü gecə saatlarında etibarən Bakıda başlayan yağış, gün boyu da davam etdi. Məlum olduğu kimi, Bakıda normadan artıq yağış yağan zaman digər problemlərlə yanaşı, sürüşmə zonalarında da aktivlik nəzərə çarpır.

Məlumat üçün bildirək ki, Coğrafiya İnstitutunun mütəxəssislərinin apardıqları tədqiqatlara əsasən Bakının bir neçə əsas sürüşmə ocaqları müəyyənləşib. Əhmədli şosesi, Zığ şosesi, Binəqədi, Bayıl, Badamdar, Masazır gölünün ətrafında – ümumilikdə təxminən 20 yerdə böyük sürüşmə sahəsi var. Həmin sürüşmə sahələrində 150 mindən çox əhali məskunlaşıb. Bu ərazilərdə sürüşmə sahələri geniş yayılıb və həmin ərazilər sürüşmə baxımından təhlükəli hesab edilir. Mütəxəssislərin sözlərinə görə, son 20-25 ildə Bayıl yamacında sürüşmə sahəsi daha da artıb.

Sürüşməyə təbii amillərlə yanaşı su, kanalizasiya borularının köhnəlməsi və həmin ərazilərdə çoxsaylı iritonnajlı maşınların hərəkəti səbəb olur. Bəs hazırda sürüşmə zonalarında durum necədir?

Əziz Qaralov ile ilgili görsel sonucu

“Yeni Müsavat”a danışan Ekologiya və Təbii Sərvətlər Nazirliyinin mütəxəssisi Əziz Qaralov bildirib ki, hazırda bəzi yerlərdə aktivlik nəzərə çarpır: “Hava yağışlı olsa da, hələ ki, Abşeronda ciddi sürüşmə faktı qeydə alınmayıb. Sonuncu hadisənin baş verdiyi Bibiheybət məscidinin yaxınlığında işlər görülür. Orada sürüşmə yox, uçqun hadisəsi baş vermişdi. İndi də müvafiq qurumlar uçqundan sonrakı problemləri aradan qaldırmaq istiqamətində fəaliyyət göstərirlər. Zığ ərazisində srağagün olmuşam və orada müşahidə etdim ki, ümumi gərginlik qalmaqdadır. Zığ ərazisində torpaq doymuş haldadır. Müəyyən çatlar gözlə görüləcək qədər artım müşahidə edilir. Sürüşmənin parametrlərində artım var. Bu gün bizim əməkdaşlarımız cənub bölgəsindən qayıdıblar. Onların məlumatlarına görə, Astaranın müəyyən sürüşmə zonasında olan kəndlərində sürüşmələr aktivdir. Orada yeni sürüşmə sahələri əmələ gəlib. Ümumi gərginlik orada da qalmaqdadır. Badamdar ərazisində isə hazırda texnika işləyir. Yamacın dayanıqlığının bərpası istiqamətində işlər görülür ki, gələcəkdə sürüşmə hadisəsi baş verməsin. İşlərin görülməsinə baxmayaraq, həmin ərazidən keçən avtomobil yolu açıqdır. Ağır tonnajlı nəqliyyat vasitələri istisna olmaqla, minik avtomobillərin yoldan istifadə etməsində problem yoxdur. Bayıl dərəsinə gəlincə, isə orada ötən il sürüşmə baş verdi. Orada da müəyyən işlər görülüb, artıq yük götürülüb. Hazırda ərazidə stabil vəziyyətdir”.