“Bu qadağada qeyri-adi hal yoxdur. Bu təmamilə etik cəmiyyətin qaydalarına bir dəvətdir, qərardır”.

Bu sözləri Bizim.Media-ya Tibb Universitetinin mətbuat katibi Günel Aslanova universitetin kitabxanasında geyimlə bağlı qoyulan qadağaya münasibət olaraq bildirib.

O, sosial şəbəkələrdə yayılan bu faktı təsdiqləyərək, addımı universitetin daxili nizam-intizamı adlandırıb:

“Hətta cəmiyyətdə, ictimai yerlərdə geyim qaydalarına uyğun olan normativlər var. Burada təhsil müəssisəsidir daxili nizam-intizam qaydalarına uyğun olaraq müəyyən məsələlərin tənzimlənməsi normal haldır. Biz bu məsələyə tələbələrin dərsə davamiyyəti kimi baxırıq. Onu da qeyd edim ki, dünyanın ən demokratik ölkələrində də ictimai, təhsil, iş yerlərində müəyyən “dress code”lara əməl olunur. Bir insanın azadlığı digərlərinin hüquqları başlayan yerə qədərdir. Yəni kiminsə özü üçün hansısa geyimi məqbul hesab etməsi digərlərinin yanaşma həddinə qədərdir. Biz bir tələbə istədiyini geyinsin deyə, digər tələbələrin də mövqeyini görməzdən gələ bilmərik”, – deyə G.Aslanova bildirib.

Qeyd edək ki, sosial şəbəkələrdə Azərbaycan Tibb Universitetinin kitabxanasının girişində tələbələrin narazılığına səbəb olan elan yerləşdirilib.

Elanda tələblələrin şort və maykada kitabxanaya gəlməsinin qadağan edildiyi qeyd olunub.