Xalq artistləri Aygün Kazımova və Brilliant Dadaşovadan, aparıcı Vüsalə Əlizadə, müğənnilər Abbas Bağırov, Xatirə İslama qədər bir çox səhnə ulduzları və influserlər müəyyən məbləğ müqabilində müxtəlif şirkətlərin məhsullarını minlərlə izləyicisi olan instaqram hesablarında bəh-bəhlə reklam edib onlara müştəri cəlb edirlər. Bəli, bu gün şirkətlərlə fərdi reklam əsasında əməkdaşlıq blogerlər üçün pul qazanmağın ən uğurlu və populyar üsullarından biridir.

Məhsulun keyfiyyətinə birbaşa şirkətin özü məsuliyyət daşısa da, blogerlərin borcudur ki, izləyicilərinə reklam yolu ilə sırıdığı məhsulların keyfiyyətindən xəbərdar olsun. Əgər işlədiyiniz markanın faydalı olduğundan əminsinizsə, həm qazancın məbləği artır, həm də uzunmüddətli müqavilə bağlamaq şansı yüksəlir. Bu, uğurlu biznesin birinci qaydasıdır. Yalnız pul qazanmaq ideyası ilə maraqlanırsınızsa, yaxşı əməkdaşlıq edə bilməyəcəksiniz. Əlbəttə ki, özünə və tamaşaçılarına hörmət edən məşhurlar yararlı olmayan işləri reklam etmir. Beləliklə, hər şey çox sadədir: şirkətin verə biləcəyi faydalara nə qədər çox diqqət etsəniz, həm izləyiciləriniz sizi daha dəyərli hesab edəcək, həm də belə əməkdaşlıqdan qazancınız artacaq.

Şirkətlərlə reklam müqaviləsi əsasında çalışmaq əlbəttə ki, faydalıdır, amma bu təklifə gözüyumulu razılaşan tanınmışlar izləyicisinin sağlamlığı ilə oynadığının fərqində deyil. Və bu məhsulun faydalı olub-olmadığı haqqında heç bir araşdırma aparmırlar.

“Slim Diet Baku” son aylarda Azərbaycan sənətçilərinin instaqram hesabında tez-tez qarşımıza çıxan pəhriz yemək şirkətlərindən biridir. Sirr deyil ki, şirkət ulduzların hesabına kifayət qədər məşhurluq qazanıb. Müxtəlif paketli pəhriz məhsulları təklif edən “Slim Diet Baku” parlaq qablaşdırması ilə potensial alıcı sayını çoxaldır. Lakin şirkətin ilk baxışda faydalı görünən paketləri arxasında görünməyən tərəflər var. Məsələ ondadır ki, bu paketlər arıqlamaq istəyən alıcının orqanizminin fərdi xüsusiyyətlərinə hesablanmır. Daha dəqiq desək, müştərinin yaşı, çəkisi, xəstəlikləri və digər vacib amillər nəzərə alınmır. Yəni paketlər alıcının zövqü çərçivəsində gətirilir və hansı məhsulların orqanizmə uyğun olub-olmaması ekspertlər tərəfindən təyin olunmur.

Publika.az xəbər verir ki, sözügedən şirkətin məhsullarından narazı qalan Gülnar Əliyeva “Slim Diet Baku” barədə saytımıza şikayət ünvanlayıb. Xanım bildirib ki, göndərilən məhsulların keyfiyyəti onların reklamı ilə uzlaşmır.

“İnstaqramda şirkətin reklamını görüb onlarla əlaqə saxladım. Zəng edib bir həftə xidmətlərindən istifadə etmək istədiyimi bildirdim. 3 forma təklif olundu, “Premium” və digər paketlər. Mən də “Premium”u seçdim. Söylədilər ki, həmin paket digərlərindən menyuda balıq və dietik şirniyyatlar olması ilə seçilir. Maraqlıdır ki, xidmətdən istifadə etdiyim müddətdə balıq ümumiyyətlə olmadı. Pəhriz adıyla satılan menyunun sağlam qidalanma ilə heç bir əlaqəsi yox idi. Səhər yeməyinə qutab və çörək qoymuşdular. Günorta menyusunda isə yağda bişmiş yeməklər, makaron məhsulları gətirmişdilər. Bir həftə ərzində çəkimdə heç bir dəyişiklik baş vermədi. Sağlamlığım haqqında maraqlanmadılar, analiz istəmədilər. Yeməklərin dadından təzə bişmədiyi də hiss olunurdu. İnstaqram səhifələrində tanınmış adamların cəlbedici fotoları qoyulsa da, orada təqdim olunan paketlərin heç birini göndərilən yeməklərin arasında görmədim”, – deyə şikayətçi qeyd edib.

Pəhriz yeməkləri satan şirkətlərin arıqlamaq istəyən alıcılara hansı prinsiplər əsasında xidmət etdiyini öyrənmək üçün ekspertlərin rəylərini öyrəndik.

Bu şirkətlərin iş prinsiplərinin düzgün qurulmadığını deyən “Leman Med Klinikası”nın baş həkimi, doktor dietoloq, terapevt Ləman Süleymanova iddialı sözlər səsləndirib. O bildirib ki, belə məhsulların tərkibinə zərərli maddələr əlavə olunur ki, pasient arıqlaya bilsin:

“Statistikalar göstərir ki, dünya əhalisinin 80 faizi piylənmədən əziyyət çəkir. Piylənmə dünyada getdikcə tüğyan edir, daha çox uşaq və yeniyetmələr arasında artım müşahidə olunur. Bunun müəyyən səbəbləri var: genetik modifikasiya olunmuş qidalar, iqlim xüsusiyyətləri, dərman və s. Təbii ki, arıqlamaq istəyənlər müxtəlif üsullardan istifadə edə bilər. Bəzən pasientlər peşəkara müraciət etmək əvəzinə daha asan yol seçirlər. Əslində hər bir orqanizm individualdır. Artıq çəki xəstəlikdir, müəyyən xəstəliklərin inkişafı üçün birbaşa zəmin hazırlayır. Odur ki, çəki problemi olan hər kəs ilk növbədə həkimə müraciət etməlidir. Son illərdə dietologiya elmindən sui-istifadə edən dırnaqarası mütəxəssislər və işbazlar çıxıb. İnanıram ki, çox yaxında məsələ Səhiyyə Nazirliyi və lazımi orqanlar tərəfindən araşdırılaraq aradan götürüləcək.

Əlaqədar şəkil

Sosial şəbəkələrdə arıqlamaq üçün müxtəlif kokteyllər, dərmanlar reklam olunur, müəyyən şirkətlər arıqlamaq istəyən insanlara hazır yeməklər təklif edir. Problem ondadır ki, bu şirkətlərin fəaliyyətinə icazə verilsə də, satdığı məhsulların tərkibi araşdırılmır. Əminliklə deyə bilərəm ki, həmin qidaların tərkibinə toz şəklində zəhərli kimyəvi maddələr əlavə edilir ki, arıqlamaq effekti versin. Yeməklərə qatılan bu maddələr xərçəng kimi qorxulu xəstəliklərə yol aça bilər.

Biz pasienti qəbul edərkən, onun psixoloji durumunu öyrənirik, sonra müəyyən individual analizlər və müayinələr təyin edirik. Arıqladıqdan sonra xəstəyə ac qalmadan xüsusi proqram tətbiq olunur. Xəstə sağlam qida ilə arıqlamalıdır. İşbazlarsa “sağlam qida” terminini öz şüarlarına çevirərək tərkibinə kimyəvi tozlar əlavə edilmiş məhsullarını bazara çıxarırlar. Onların tərkibi araşdırılsa görərik ki, hazırlanma qaydası standartlara və gigiyenik qaydalara uyğun gəlmir. Gigiyenik qaydalar müəyyənləşdirilməyib, o ki qaldı onun tərkibinə əlavə olunan məhsullar”.

Mütəxəssis qeyd edib ki, pəhriz yeməkləri təklif edən şirkət əməkdaşlarının böyük əksəriyyətinin tibbi savadı yoxdur:

“Pəhriz yeməkləri təklif edən şirkətlər sosial şəbəkələrdə insanları yoldan çıxarır. Biz universiteti bitirdikdən sonra həkim sayılmırıq, həkimin ən azı 5-10 il təcrübəsi olmalıdır. İnsan orqanizmini bizə etibar ediblərsə, ustad olmalıyıq. Çox təəssüf ki, heç bir tibbi savadı və diplomu olmayan insanlar pəhriz qidaları adı altında şirkət açıb yalandan xəstələri qəbul edir. Təbii ki, dəqiq yoxlamalar aparılmadan insanlara zəhərli yeməklərini təklif edirlər”.

Dietoloq hesab edir ki, belə pəhriz şirkətlərindən yemək sifariş verən müştəri günahı özündə axtarsın:

“Müştəri özü günahkardır ki, həkimə və mütəxəssisə müraciət etmədən hansısa şirkətə etibar edir. Onların təcrübəsizliyindən irəli gəlir ki, arıqlamaq istəyən insanın menyusuna pəhriz yeməkləri yerinə kalorili məhsul göndərirlər. Xəstənin səhhəti onların vecinə deyil. İkincisi, standartlara uyğun olmayaraq hazırlanmış bütün məhsulların tərkibinə müəyyən qatqılar əlavə edilir. İnanıram ki, Səhiyyə Nazirliyi və aidiyyəti qurumlar yaxın zamanlarda bu barədə ölçü götürəcək”.

Dietoloq-endokrinoloq Səlim Əhədov isə portalımıza bildirib ki, istər artıq çəkisi olan, istərsə də piylənmədən əziyyət çəkən insan sağlam hesab olunmur. Odur ki, xəstəliyi həkim müayinəsi olmadan müalicə etməyə çalışmaq və hər hansı şirkətin pəhriz məhsullarından yararlanmaq fayda verməyəcək: