Azərbaycan Prezidenti İlham Əliyev fevralın 26-da xarici və yerli jurnalistlər üçün keçirdiyi mətbuat konfransında dövlət şirkətlərinin fəaliyyətini tənqid edib. Prezident vurğulayıb ki, bu şirkətlər dövlətin boynunda böyük yükdür, onlarda idarəetmə müasir tələblərə cavab vermir: “Bu idarəetmə büdcədən pulların “sağılması” üçün istifadə olunur. Belə davam edə bilməz”.

İlham Əliyev bildirib ki, bu şirkətlərdə rəhbərliyin möhkəmləndirilməsi, idarəetmənin təkmilləşməsi vacibdir.

Bəs, dövlətin şirkətlərinin yaratdığı ağır yükdən dövlət necə xilas ola bilər?

Minval.info xəbər verir ki, bununla bağlı sfera.az-a danışan iqtisadçı-ekspert Nazim Bəydəmirli xatırlatdı ki, son aylarda ölkə başçısı tərəfindən dövlət şirkətlərinin səmərəsiz idarə edilməsi ilə bağlı tənqidi fikirlərə tez-tez rast gəlinir. Müsahibimiz tənqidlərin əsasız olmadığını, dövlətin böyük investisiya qoymasına baxmayaraq bu şirkətlərin dövlət büdcəsinə ödənişlərinin çox az olduğunu söylədi.

“Müstəqil istisadçılar uzun müddətdir ki, dövlət şirkətlərində idarəetmənin düzgün təşkili ilə bağlı öz fikirlərini bildirib. Belə şirkətlərdə idarəedənlərin üzərində nəzarət olmalıdır”, – deyən N. Bəydəmirli hazırda nəzarət funksiyasını Nazirlər Kabinetinin həyata keçirdiyini, amma bu nəzarətin formal xarakter daşıdığını, buna görə də şirkətlər tərəfindən vəsaitlərin mənimsənildiyini vurğuladı:

“Dövlət şirkətlərinin rəhbərləri tenderləri kağız üzərində aparır, çoxmilyonluq, yüzmilyonlarla, hətta milyard manatlarla ölçülən vəsaitləri tenderlər vasitəsilə mənimsəyir. Bu cür fəaliyyət illər boyu, ictimaiyyətin gözü qarşısında davam edir. Aparılan jurnalist araşdırmaları üzə çıxarıb ki, tenderlərin bir çoxunu eyni şirkətlər, yaxın qohumluq əlaqəsində olan şirkətlər “udur”. Faktiki olaraq şirkət rəhbərləri dövlət resurslarını şəxsi malı kimi istifadə edib mənimsəyir”.

N.Bəydəmirli qeyd etdi ki, idarəetmənin səmərəsiz olması lüzumsuz xərcləri yaradır və maya dəyərini artırır:

“Göstərilən xidmətlərin həm keyfiyyəti aşağıdır, həm də maya dəyəri yüksəkdir. Məsələn, kommersiya təşkilatlarına satılan suyun qiyməti 2 manat, yəni 1,18 dollardır. Bu qiymət əksər ölkələrdə olan su qiymətlərindən yüksək olduğu kimi, keyfiyyəti də aşağıdır. Halbuki, bütün layihələr dövlət vəsaiti hesabına aparılır.
Şirkət rəhbərləri dövlət büdcəsinə “sağmal” inək kimi baxır. Şirkət rəhbərləri istədikləri layihələri Nazirlər Kabinetinə təqdim edib qəbul etdirir və ayrılan vəsaitləri səmərəsiz xərcləyirlər. Bu işlərdən hökumətin xəbəri var və bu, uzun müddət belə davam edə bilməz. Kimsə işdən azad edildikdən sonra onun haqqında, korrupsiya əməlləri, sahib olduqları mülklər, milyardlıq aktivləri haqqında məlumatlar dərc edilir. Bu vəziyyət insanlarda çox böyük qıcıq yaradır və vətəndaşlar ictimai vəsaitlərin necə talan olduğunu gördükdə, narazılıq yaranır”.

Həmsöhbətimiz bildirdi ki, dövlət şirkətlərində, onların idarə edilməsində həqiqi mənada ciddi islahatlar aparılmalıdır, müşahidə və ictimai şuralarda müstəqil, fərdi maraqları olmayan şəxslər təmsil edilməlidir:

“Hazırkı vəziyyətdə özəlləşdirmə haqqında danışmaq qeyri-məqbuldur. Çünki dünyada pandemiya var və investisiya qoyuluşları zəifdir. Ona görə də hələlik dövlət şirkətlərində idarəetmə təkmilləşdirilməli, idarəçilər üzərində müşahidə şuraları yaradılmalıdır. Müşahidə şuraları cəmiyyətimizdə nüfuzu olan insanlardan ibarət olmalıdır. Bir neçə müşahidə şurası yaradılıb, amma görürük ki, onlarda da eyni şəxslər təmsil edilir. Müşahidə şurasının tərkibində şirkətlərin rəhbərləri ilə yaxın münasibətləri olan, qohum, dost olanlar üstünlük təşkil edir.

İctimai nəzarət gücləndirilməlidir. Bunun üçün ictimaiyyət nümayəndələri idarəedicilərə nəzarət etməlidir. Bir çox hallarda ictimai şuralarda təmsil olunun qeyri-hökumət təşkilatlarının nümayəndələri, digər şəxslər həmin qurumlara yaxın olan adamlardır.

Azərbaycanda qanunlar sistemi yox, münasibətlər sistemi işləyir. Ona görə də ictimai nəzarəti həyata keçirənlər, müşahidə şurasında təmsil edilənlər müəyyən ediləndə onların dövlət şirkətlərini idarə edənlərlə münasibətlərinə diqqət yetirilməlidir”.