28.10.2026 - 00:40
Ölkə 46 baxış

Sabiq baş konsulun məhkəməsi keçirilib - Sultan Qasımov barəsində ittihamlar elan olundu

Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Firdovsi Əliyevin sədrliyi ilə Azərbaycanın Sankt-Peterburq şəhərindəki sabiq baş konsulu Sultan Qasımovun cinayət işi üzrə növbəti məhkəmə prosesi keçirilib.

Prosesdə dövlət ittihamçısı tərəfindən ittiham aktı elan olunub.

İttihama görə, Rusiya vətəndaşı Anton Zayatsa 191 min 500 manata yaxın ziyan dəyib. Sultan Qasımov Rusiya vətəndaşına Sankt-Peterburq şəhərində 6 sot torpaq sahəsini hərrac yolu ilə onun adına keçirəcəyinə dair vəd verib.

İstintaq sənədlərinə görə, Sultan Qasımov digər zərərçəkmiş Rusiyada yaşayan Azərbaycan vətəndaşı Faiq Mikayılovdan 10 min 200 manat alıb. Bunun müqabilində onun Hindistandan gətirdiyi qızıl-zinət əşyalarının gömrük nəzarətindən keçirilməsi məsələsini həll edəcəyini deyib. Amma vədinə əməl etməyib.

Onu da əlavə edək ki, Sultan Qasımov zərərçəkmiş Faiq Mikayılovdan pulun bir qismini cinayətdən xəbərsiz qohumu vasitəsilə Bakı şəhərində alıb və həmin vəsaiti şəxsi ehtiyaclarına xərcləyib.
Daha sonra ittihama münasibət bildirən Sultan Qasımov özünü təqsirli bilməyib. Növbəti proses dekabrın 1-nə təyin edilib.

Qeyd edək ki, sabiq Baş konsul Sultan Qasımov barəsində cinayət işi Baş Prokuror yanında Korrupsiyaya Qarşı Mübarizə Baş İdarəsində araşdırılıb. Məlum olub ki, zərərçəkənlərə 200 min manatdan çox məbləğdə ziyan dəyib. Zərərçəkən qismində Anton Zayats və Faiq Mikayılov tanınıb. Ümumi ziyanın bir qismi istintaq dövrü ərzində ödənilib. Ona Cinayət Məcəlləsinin 12.1, 178.3.2-ci (Dələduzluq, külli miqdarda ziyan vurmaqla xarici ölkə ərazisində törədildikdə) maddələri ilə ittiham irəli sürülüb.

Sultan Qasımov 2009-cu ildə Rusiya Federasiyasının Yekaterinburq şəhərində Azərbaycan Respublikasının ilk Baş konsulu təyin olunub, 2016-cı ildə isə bu vəzifədən geri çağırılıb. O, 3 may 2016-cı ildə Azərbaycanın Sankt-Peterburq şəhərində Baş konsul vəzifəsinə təyin edilib və 2024-cü il oktyabrın 21-də vəzifəsindən geri çağırılıb.

Sultan Qasımov Azərbaycan Prezidentinin keçmiş mətbuat katibi Azər Qasımovun qardaşıdır. Azər Qasımov 2025-ci ildə vəzifəsindən azad edilib. Sultan Qasımovun digər qardaşı Mehman Qasımov isə 2025-ci ilə kimi Səhiyyə Nazirliyinin Bakı Şəhər Baş Səhiyyə Mərkəzinin direktor müavini işləyib.
Xatırladaq ki, Sultan Qasımovu zərərçəkmiş olan Rusiya vətəndaşı ilə onun qardaşı Mehman Qasımov tanış edib.

Bu xəbəri paylaş:
Link yaddaşa kopyalandı!

Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!

Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun: