“Konstitusiyaya görə, Azərbaycanın bütün vətəndaşları toxunulmazdır”.

Bu sözləri AZXEBER.COM-a açıqlamasında Milli Məclisin deputatı Aqil Abbas bildirib.

Millət vəkili qeyd edib, qanunla bütün vətəndaşlar toxunulmazdır və buna görə kimisə təhqir etmək yolverilməzdir:

“Azərbaycan Respublikasının Konstitusiyasına əsasən Azərbaycanın bütün vətəndaşları toxunulmazdır. Bu qanuna görə, əlbəttə ki, şəhidlərimizə qarşı hər hansı təhqir yolverilməzdir. Konstitusiyada qeyd olunur ki, bütün vətəndaşların hüquqlarını dövlət qorumalıdır. Buna görə də cinayət məcəlləsi var. Həmin cinayət məcəlləsində xüsusi maddələr var. Yəni burada vətəndaşların təhqirinə yol verilməməsi qanunu, elə şəhidlərimizə də aiddir. Şəhidlərin ruhuna hörmət etmək lazımdır. O şəhidlər ki, Qarabağı azad edib, Şuşada tonqal qalayıb. Onlar vətən yolunda şirin canından keçib. Onları təhqir etmək şərəfsizlikdir”.

Aqil Abbas onu da qeyd edib ki, şəhidlərə qarşı bu cür hörmətsizlik edənlər məhkəməyə verilə bilər:

“Şəhidin qohumları və ya QHT-lər belə şəxsləri hüquqi müstəvidə məhkəməyə verə bilər. Aidiyyatı maddələrə uyğun tədbir görülə bilər. O ki qaldı onu döyən şəxslər, təbii ki, hər şey qanunla olmalıdır. Amma insanları da qınamaq olmur. Bəzən insanın qarşısına elə şərəfsiz çıxar ki, həmin adamı çıxılmaz vəziyyətə qoyar, onu vurar və buna görə də cəzalana bilər. Amma insandır, haqsızlığı görüb dayana bilmir”.