17.09.2026 - 16:16
Gündəm 231 baxış

Tələbəni universitetdən qovmaq çıxış yoludurmu? – AÇIQLAMA

Məlum olduğu kimi, Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin (ADMİU) birinci kurs tələbələri ilə bağlı sosial şəbəkələrdə yayılan görüntülər ciddi müzakirələrə səbəb olub. “TikTok” sosial şəbəkəsində “leylakenan” adlı profildən canlı yayıma çıxan şəxslərin universitetə yeni qəbul olunan tələbələri hədələməsi, onlara fiziki xəsarət yetirəcəklərini bildirməsi və əvvəlki illərdə də belə halların olduğunu söyləməsi cəmiyyətdə narazılıq doğurub.

Məsələ ilə bağlı ADMİU tərəfindən tədbir görülüb. Universitet videoda danışan şəxslərdən birinin Teatr sənəti fakültəsinin Musiqili teatr aktyoru ixtisası üzrə II tədris ilinin tələbəsi olduğunu müəyyənləşdirərək, ali təhsil müəssisəsi ilə təhsilalan arasında bağlanan fərdi müqavilənin 2.3.3-cü bəndini və “Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetində Təhsilalanların Universitetdaxili nizam-intizam Qaydaları”nın 5.4-cü bəndinin “a” yarımbəndini əsas götürərək onun universitetdən xaric edildiyini açıqlayıb. Lakin bu qərar ətrafında da fərqli yanaşmalar ortaya çıxıb.

Ceyhun Məmmədov: “Yerinə yetirmədiyim vəd yoxdur”-xəbər

Deputat Ceyhun Məmmədov hesab edir ki, belə hallarda tələbənin universitetdən xaric edilməsi məsələsinə yalnız cəza müstəvisindən yanaşmaq düzgün olmaya bilər.

O, vurğulayıb ki, xarici ölkələrin bir sıra universitetlərində də hədə-qorxu və fiziki təhlükə ilə bağlı davranışlar ciddi pozuntu hesab olunur, lakin intizam tədbirləri hadisənin xarakteri və ağırlığından asılı olaraq mərhələli şəkildə tətbiq edilir. Onun sözlərinə görə xəbərdarlıq, intizam tədbiri, müəyyən müddətə təhsildən və ya kampusdan uzaqlaşdırma kimi mexanizmlərdən sonra daha ağır hallarda universitetdən xaricetmə tətbiq oluna bilər.

Bəs ekspertlər necə düşünür, bu cür məsələlərdə çıxış yolu nədir?

Azərbaycan Gənc Alim, Doktorant və Magistrlər Cəmiyyətinin sədri İlqar Orucov Musavat.com-a deyib ki, universitetin daxili qaydalara əsaslanaraq tələbəni xaric etməsi hüquqi baxımdan tamamilə qanunidir: “Çünki hər bir ali məktəb digər tələbələrin təhlükəsizliyini təmin etməli və öz adını qorumalıdır. Lakin problemin köklü həlli təkcə dərhal verilən sərt cəzalarda deyil, böhranların idarə olunmasında daha sistemli və gələcəyə hesablanmış addımların atılmasındadır. Çünki radikal cəzalar fərdi sistemdən kənarlaşdırsa da, kökündə dayanan qeyri-sağlam mühiti, zərərli davranış tendensiyasını və əvvəlki illərdən ötürülən mənfi ənənələri yox etmir, sadəcə qorxu mühiti yaradır və gələcəkdə bu mühitin gizli şəkildə davam etməsinə yol açır”.

İlqar Orucov: Qalib Azərbaycan dövləti elm adamlarının üzərinə böyük  vəzifələr qoyur - AZƏRTAC

İlqar Orucovun fikrincə, tələbəyə birbaşa ən ağır cəzanın verilməsi əvəzinə, konkret vəziyyətdən asılı olaraq şərti intizam statusu, kampus və sosial fəaliyyətlərdən müvəqqəti uzaqlaşdırma kimi tədbirlər tətbiq oluna bilər: “Bu yanaşmaya əsasən, tələbəyə birbaşa ən ağır cəzanı verib onun gələcəyini tamamilə əlindən almaq əvəzinə, şərti intizam statusu, kampusdan və sosial fəaliyyətlərdən müvəqqəti uzaqlaşdırma tətbiq edilir. Eyni zamanda, həmin gənclər üçün məcburi psixoloji korreksiya və universitetdaxili ictimai faydalı əmək kimi mərhələli mexanizmlər dövriyyəyə girir. Ali təhsil müəssisələrində analoji xoşagəlməz halların qarşısını əvvəlcədən almaq üçün rəqəmsal etika və kiberbullinq mövzusunda məcburi adaptasiya və maarifləndirmə proqramları qurulmalı, intizam komissiyalarında tələbə hüquqları üzrə müvəkkillərin iştirakı təmin edilməli və aqressiyanın idarə olunması üçün reabilitasiya xidmətləri yaradılmalıdır. Düşünürəm ki, ADMİU-nun addımı ictimai rəyin təzyiqi və rəsmi qaydaların icrası baxımından başadüşüləndir. Lakin unutmaq olmaz ki, təhsilin ali məqsədi təkcə cəzalandırmaq deyil, həm də insanı qazanmaq və islah etməkdir”.

Bu xəbəri paylaş:
Link yaddaşa kopyalandı!

Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!

Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun: