Rusiya yenidən Qazaxıstan neftinin dünya bazarına çıxışını əngəlləməyə başlayıb. Belə ki, Qazaxıstan prezidenti Kasım Jomart Tokayevin Rusiyanın Ukraynada yaratdığı qondarma qurumları tanımayacaqları barədə açıqlaması, həmçinin Rusiyanin ona vermək istədiyi “Aleksandr Nevski” ordenindən imtina etməsindən 1 gün sonra məlum olub ki, Novorocciysk limanından neft yüklənməsi dayandırılıb.

Rusiya tərəfi Qazaxıstan neftinin əsas ixrac limanında guya Sovet dövründən qalma minaların aşkarlandığını, buna görə limandan bütün ixracın dayandırıldığını açıqlayıb. Minaların zərərsizləşdirilməsinə iyunun 20-də başlanacağı, prosesin ayın sonunadək davam edəcəyi qeyd olunur.

Qeyd edək ki, Qazaxıstanın nefti Xəzər Boru Kəməri ilə Novorocciysk limanına, oradan isə dünya bazarına çatdırılır. Hər il bu boru ilə 55-57 milyon ton Qazaxıstan nefti tədarük olunur.

Xatırladaq ki, mart ayında da Avropa Birliyinin Rusiya neftinə embarqo məsələsi gündəmə gətirilən zaman Rusiya limanla Qazaxıstan neftinin nəqlini 3 həftə müddətində dayandırmışdı. Həmin vaxt Qazaxıstan öz neftininbir hissəsinin Azərbaycan üzərindən dünya bazarına çıxarılması üçün zəruri addımlar atmağa başlayıb. Eyni zamanda Çinə ixracın artırılması istiqamətində də addımlar atılıb. Hansı ki, Qazaxıstanın Çinə neft ixracını artırması birbaşa Rusiyanın maraqlarına ziddir: Moskva Avropanın almadığı neftin əsas alıcılarından biri kimi məhz Çini görür.

Maraqlıdır ki, elə bu gün Qazaxıstanın öz ərazisindən Rusiya kömürünün nəqlini dayandırdığı məlum olub. Hazırda Qazaxıstan ərazisində 1700 vaqon Rusiya kömürünün yığılıb qaldığı bildirilir. Rəsmi Astana bunu Avropa Birliyinin sanksiyaları ilə əsaslandırır. Amma həmin sanksiyalar avqustun 1-dən qüvvəyə minəcək.

Qazaxıstanla yanaşı, Belarus da öz ərazisi ilə Rusiya kömürünün ixracını dayandırıb. Minsk bu barədə qərarı aprelin ortalarından verib – əsaslandırma yenə eynidir – Avropa Birliyinin avqustda qüvvəyə minəcək sanksiyaları…