03.08.2026 - 14:54
Kriminal 15 baxış

Restoranlarda hesabdan əvvəl oxuyun: Servis haqqı ilə bağlı bilmədikləriniz

Restoran və kafelərdə hesabın üzərinə əlavə edilən 10 faizlik servis haqqı yalnız müəyyən şərtlər daxilində qanuni sayılır. Müştəri bu ödəniş barədə əvvəlcədən məlumatlandırılmayıbsa, bu, istehlakçı hüquqlarının pozulması deməkdir.

Minval.info xəbər verir ki, iqtisadçı ekspert Akif Nəsirli bu mövzuda açıqlama verib. Onun sözlərinə görə, Azərbaycanda servis haqqını birbaşa tənzimləyən xüsusi qanun yoxdur. Lakin “İstehlakçıların hüquqlarının müdafiəsi haqqında” Qanun və ticarət qaydaları bu məsələyə aydınlıq gətirir.

Ekspert vurğulayıb ki, əsas prinsip istehlakçının əvvəlcədən tam və aydın şəkildə məlumatlandırılmasıdır. Əgər servis haqqı barədə müştəriyə menyuda və ya girişdə elan vasitəsilə məlumat verilibsə və o bunu bilə-bilə sifariş edibsə, bu, razılıq kimi qiymətləndirilə bilər. Lakin əksər hallarda servis haqqı yalnız hesab təqdim edilərkən məlum olur ki, bu da istehlakçı hüquqlarının pozulmasıdır.

Akif Nəsirli bildirib ki, restoran və kafelər servis haqqını müştərinin razılığı olmadan hesabın üzərinə əlavə edə bilməz. Əgər bu ödəniş barədə əvvəlcədən açıq məlumat verilməyibsə, müştəri servis haqqını ödəməkdən imtina edə bilər və buna görə heç bir hüquqi məsuliyyət daşımır.

Ekspert əlavə edib ki, servis haqqı barədə əvvəlcədən məlumatın menyuda və ya girişdə açıq şəkildə göstərildiyi hallarda məsələ mübahisəli xarakter daşıya bilər. Bu vəziyyət inzibati və ya cinayət məsuliyyəti yaratmasa da, mülki-hüquqi mübahisə hesab olunur.

Akif Nəsirli istehlakçılara sifariş verməzdən əvvəl menyuda servis haqqının olub-olmadığını yoxlamağı tövsiyə edib. Əgər bu barədə əvvəlcədən məlumat verilməyibsə, vətəndaş hesabdan həmin məbləğin çıxarılmasını tələb edə, problem həll olunmadığı halda isə Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidmətinə müraciət edə bilər.

Ekspert əlavə edib ki, çekdə göstərilən hər bir ödəniş üzrə istehlakçının izahat və əsaslandırma tələb etmək hüququ qanunla qorunur. Bu hüququn həyata keçirilməsi həm istehlakçıların maariflənməsi, həm də xidmət sahəsində şəffaflığın artırılması baxımından mühüm əhəmiyyət daşıyır.

Bu xəbəri paylaş:
Link yaddaşa kopyalandı!

Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!

Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun: