Qusarda ana ölümü ilə bağlı təhqiqat yeniləndi - Ekspertiza rəyində ŞOK DETALLAR
Qusar rayonunda həkimin əməliyyat taktikası, reanimasiya zamanı yol verilən kobud travmatik səhvlər bir ailənin faciəsinə səbəb olub.
Rayonun Xuray kənd sakini Zakir Osbatovun həyat yoldaşı Yasəmən Osbatovanın ölümü ilə nəticələnən tibbi səhlənkarlıqla bağlı Ali dövlət qurumlarına ünvanladığı müraciət hüquq-mühafizə və səhiyyə sistemində ciddi rezonans doğurub.
2025-ci il sentyabrın 12-də Qusar rayon Mərkəzi Xəstəxanasında baş verən ölüm hadisəsinin təfərrüatları dəhşət doğurur. Mərhum Yasəmən Osbatova xəstəxanaya qəbul edildikdən 7 saat 25 dəqiqə sonra əməliyyata alınıb. Həkim Milanə Babayeva tərəfindən həyata keçirilən qeysəriyyə əməliyyatından əvvəl heç bir əsaslı səbəb olmadan aşağı molekul çəkili heparin təyin edilib. Əməliyyatdan sonra isə zahı qadın nəzarət məqsədilə ayıltma otağında saxlanılmayıb.
Lakin əsas dəhşətli faktlar xəstənin reanimasiyaya götürüldüyü zaman baş verib. Ekspertiza rəyində göstərilir ki, Qusar RMX-də həyata keçirilən kobud reanimasion tədbirlər zamanı xəstəyə ağır xəsarətlər yetirilib. Endotraxeal intubasiya zamanı boru traxeya əvəzinə səhvən qida borusuna yeridilib. Nəticədə ağciyər tənəffüssüz qalıb, mədəyə ötürülən çoxlu miqdarda qaz mədə və bağırsaqların mənfəzini şişirdib, selikli qişada yaranan səthi çatlardan daxili qanaxma baş verib. Bu isə baş beynin hər iki yarımkürəsində diffuz hipoksik-işemik dəyişikliklərə yol açıb.
Ürəyin qapalı masajı zamanı döş sümüyünün cisminin köndələn sınığı, sol tərəfdən II-VII, sağ tərəfdən isə II-VI qabırğaların parietal plevranın zədələnməsi ilə yerdəyişən sınıqları törədilib. Reanimasiya zamanı həddindən artıq kobud fiziki müdaxilə nəticəsində qaraciyərin böyük payının diafraqmal səthində 8 sm uzunluğunda və 0.5-1.0 sm dərinlikdə ziqzaqvari cırılmış yara əmələ gəlib.
Ekspert rəyləri bu ağır nəticələrin qaçılmaz tibbi riskdən deyil, məhz reanimasiya tədbirlərinin kobud şəkildə pozulmasından və peşəkar səriştəsizlikdən qaynaqlandığını açıq şəkildə ortaya qoyur.
Baş vermiş ölüm faktı ilə bağlı Qusar rayon Prokurorluğunda başlanan cinayət işi üzrə əvvəlcə qərarın verilməsi ləngidilsə də, zərərçəkmiş tərəfin apellyasiya şikayəti ədalətin bərqərar olunmasına doğru ümid yaradıb.
ƏLAQƏLİ
Məşhur aparıcı "Bolt"un qiymət fərqini gündəmə gətirdi, şirkət açıqlama verdi
Sumqayıt Apellyasiya Məhkəməsi Qusar rayon prokurorluğunun cinayət işinin başlanmasının rədd edilməsi barədə qərarını ləğv edib. Hazırda iş üzrə təkrar kompleks ekspertiza təyin olunub. Müvafiq rəyin verilməsi Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Məhkəmə Tibbi Ekspertiza və Patoloji Anatomiya Birliyi” PHŞ-nin komisyon məhkəmə-tibb ekspertizasına həvalə edilib.
Həyat yoldaşını itirən Zakir Osbatov bildirir ki, həkim Milanə Babayevanın səhlənkarlığı ucbatından bir ailə məhv olub, 7 aylıq və 6 yaşlı iki azyaşlı körpə ana nəvazişindən məhrum qalıb:
“Körpənin ana qoxusuna ən möhtac olduğu vaxtda bu faciəyə göz yumulması, ədalətin gecikməsi vicdanları sızladır. Həkim səhlənkarlığı sübuta yetirildiyi halda qanun qarşısında cavab verməməsi cəmiyyətin ədalətə olan inamını sarsıdır. Mən dövlətimizdən və ali qurumlardan sadəcə qanunun aliliyini təmin etmələrini, iki yetim balanın haqqının tapdanmamasını tələb edirəm. Qoy bu cəzasızlıq mühiti başqa anaların da həyatına son qoymasın”.
Zakir Osbatov məsələnin obyektiv araşdırılması, istintaqın nəzarətə götürülməsi və təqsirkar şəxslərin qanunamüvafiq şəkildə cəzalandırılması üçün ölkə rəhbərliyinə, Ombudsman Səbinə Əliyevaya, Baş prokuror Kamran Əliyevə, daxili işlər naziri Vilayət Eyvazova və səhiyyə naziri Anar Bayramova müraciət ünvanlayıb.
Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!
Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun:
OXŞAR XƏBƏRLƏR
İsmayıllı şoru və İvanovka qatığı adı ilə alıcılar aldadılıb
Güclü küləklə bağlı sürücülərə xəbərdarlıq edildi
Xəzərin dayazlaşmasına qarşı hansı tədbirlər planlaşdırılır
Skuter və velosiped sürənlərə çağırış: Piyada zolağından yeriyərək keçin!