05.11.2026 - 14:14
Məşhur aparıcı "Bolt"un qiymət fərqini gündəmə gətirdi, şirkət açıqlama verdi
Gündəm 219 baxış

Məşhur aparıcı "Bolt"un qiymət fərqini gündəmə gətirdi, şirkət açıqlama verdi

Baku.ws-ın məlumatına görə, “Bolt” taksi xidmətində sərnişinlərdən tutulan məbləğlə sürücülərə ödənilən məbləğ arasında fərq yaranıb. Bu barədə tanınmış teleaparıcı və jurnalist İdris Cəfərov “Facebook” hesabında paylaşdığı videoda danışıb.

İdris Cəfərov bildirib ki, “Bolt” vasitəsilə metronun “Gənclik” stansiyasından “Port Baku Mall” ticarət mərkəzinə taksi sifariş edib. Tətbiqdə səfərin qiyməti 7 manat 50 qəpik göstərilib, lakin sürücüyə yalnız 5 manat 60 qəpik ödənilib. O, bu məbləğlər arasındakı fərqin nəyə yönəldildiyini bilmədiyini vurğulayıb.

“Bolt” taksi şirkəti mövzu ilə bağlı açıqlama verərək, platformada səfər qiymətlərinin məsafə, təxmini müddət, seçilmiş kateqoriya, yol şəraiti və tələb-təklif balansına əsasən dinamik olaraq formalaşdığını bildirib. Sərnişinlər sifarişi təsdiqləməzdən əvvəl qiyməti tətbiqdə görürlər.

Şirkətin məlumatına görə, Bakıda sürücülərdən tutulan komissiya orta hesabla 21.5%, sərnişinlərdən tutulan xidmət haqqı isə 3% təşkil edir. Bu komissiyalar platformanın texniki və əməliyyat xərclərinə, təhlükəsizlik və müştəri dəstəyinə, eləcə də sürücü və avtoparklar üçün kampaniyalara yönəldilir. “Bolt” sərnişinlərə təqdim olunan endirimləri öz üzərinə götürür və bu endirimlər sürücülərin qazancını azaltmır.

“Bolt”un bildirdiyinə görə, 20 oktyabrdan etibarən sürücülər sifarişi qəbul etmə ekranında yalnız komissiya çıxıldıqdan sonra onlara qalan məbləği görürlər. Sərnişindən tutulmalı olan ümumi məbləğ isə səfərin sonunda sürücüyə göstərilir.

Bu xəbəri paylaş:
Link yaddaşa kopyalandı!

Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!

Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun: