Azərbaycanda son bir ildə çörək məhsullarının qiymətində nəzərəçarpacaq artım qeydə alınıb.

Sfera.az xəbər verir ki, buğda unundan bişirilən çörəyin kiloqramının dəyəri bir il əvvəl 85 qəpik olduğu halda bu ilin avqustun əvvəlində 1,17 manata yüksəlib. Son bir ildə buğda çörəyinin dəyərinin 32 qəpik, yəni 38 faizə yaxın yüksəlməsi müşahidə edilib.

Qarışıq undan bişirilən çörəyin kiloqramının qiyməti 1,13 manatdan 1,48 manata qədər artıb. Ötən bir ildə qiymət fərqi 35 qəpik və ya 31 faiz təşkil edib.

Son bir ildə dəyəri ən çox artan çovdar çörəyidir (“qara çörək”). Bu növ çörək 1,25 manatdan 1,8 manata kimi bahalaşıb. Çovdar çörəyində qiymət artımı 55 qəpik, yəni 44 faiz olub.

Qeyd edək ki, bu dəyişikliklər avqustun əvvəlinə aid olan məlumatlar əsasında müəyyənləşib. Son günlərdəki qiymət artımlarını da nəzərə alsaq, aydın olur ki, çörək növlərində bahalaşma sürəti bir qədər də yüksək olub.

Ötən dövrdə çörək məhsullarının bu dərəcədə bahalaşması buğda və digər mühüm taxıl məhsullarının bahalaşması ilə bağlıdır. 2021-ci ilin ikinci rübünün sonunda buğdanın bir tonunun dəyəri ABŞ birjalarında 282 dollar olduğu halda, 2022-ci ilin ikinci rübünün sonunda 415 dolları ötüb. Qeyd edilən dövrdə buğdanın qiyməti 47 faizdən çox artıb.

Buğdanın bahalaşması öz növbəsində unun da dəyərini artırıb. Bir il əvvəl Azərbaycanın daxili bazarında kiloqramı 1,2 manat olan buğda ununun dəyəri hazırda 1,4 manatdan yüksəkdir.

Sadalanan amillər Azərbaycanda çörəyin qiymətində nəzərəçarpacaq artımlara səbəb olub.

Azərbaycanda çörəyin dəyərinin daha yüksək olması ehtimalı da var idi. Bu ehtimalı aradan qaldırmaq üçün Azərbaycan hökuməti buğda idxalını gömrük rüsum və vergilərdən azad edib.

Eyni zamanda un istehsalı və satışı, çörək istehsalı və satışı da vergilərdən azaddır. Məhz hökumətin fiskal tədbirləri hesabına Azərbaycanda çörəyin qiymətində daha böyük artımın qarşısını almaq mümkün olub.