Son günlərin qalmaqallı iş adamı, bir neçə lombard sahibi olan Maqsud Mahmudov girov qoyulan pulları götürərək Azərbaycandan qaçıb.

Minval.info xəbər verir ki, bu barədə oxu.az-a Bakı şəhəri, Qaradağ rayon Polis İdarəsindən məlumat verilib.

Məlumata görə, M.Mahmudovun qurbanına çevriliş şəxslər tərəfindən son üç gün ərzində polisə xeyli şikayət daxil olub. Qaradağ rayon Polis İdarəsində iş adamı barəsində bu günə qədər 70-ə yaxın şikayət toplanıb. Zərərçəkmişlər ifadə veriblər ki, 2017-ci ildən qızıl əşyalarını Lökbatan qəsəbəsindəki 28 May küçəsində yerləşən lombarda təhvil veriblər. Lombard Mədinə İsrafilova adlı şəxsin adına qeydiyyata alınsa da, onun əsl sahibi Maqsud Mahmudovdur.

Azərbaycandan qaçmış Maqsud Mahmudovdla bağlı oxşar şikayətlər Yasamal rayon Polis İdarəsinə də daxil olub. Şikayətlər hələ də toplanmaqdadır. Hazırda iş adamının müştərilərinə vurduğu maddi zərərin miqdarı hesablanır.

Qeyd edək ki, M.Mahmudovun adı ləğv edilmiş Milli Təhlükəsizlik Nazirliyinin rəhbəri Eldar Mahmudov və tabeçiliyində olan şəxslərlə bağlı müxtəlif saxtakarlıqlarda da hallanıb.

M.Mahmudovun özünün təsdiq etdiyi kimi, MTN-nin Antiterror Mərkəzinin keçmiş rəhbəri İlqar Əliyevin (20 dekabr 2015-ci il tarixində 1 saylı Bakı İstintaq Təcridxanasının kamerasında özünü asıb) qanunsuz hərəkətləri nəticəsində əmlakından məhrum olub. İş adamının dediyinə görə, keçmiş MTN əməkdaşları hədə-qorxu ilə onu akademik Həsən Əliyev küçəsində yerləşən “Oboy evi”ni bir gecədə 120 min dollara satmaq məcburiyyətində qoymuşdu, halbuki onu 650 min ABŞ dollara almışdı. İlqar Əliyev və silahdaşları iş adamından 250 min ABŞ dollarını da almışdılar. Bu, Eldar Mahmudovun istefasından bir ay əvvəl baş vermişdi.

İş adamı həmçinin iddia edirdi ki, 2015-ci ildə “Bank Technique”dən 40 kiloqram qızıl, bir mənzil, bir bağ evi və obyekt müqabilində 1,5 milyon dollar məbləğində kredit götürdükdən sonra güc strukturları onun yanına gəliblər. Razılaşmaya əsasən, Mahmudov krediti 2020-ci ilə qədər ödəməli idi. Ancaq dörd aydan az müddət sonra bank iş adamından krediti dərhal bağlamağı istəyib, əks təqdirdə girov qoyulan bütün əmlakını itirəcəyini deyib.

“Bank Technique-də ikinci aparıcı şəxs Beynəlxalq Bankın 15 il həbs cəzası alan keçmiş idarə heyətinin sədri Cahangir Hacıyevin qardaşı oğlu Cəmil Hacıyev idi. Məni qorxutdular ki, MTN əməkdaşları bütün əmlakımı əlimdən alınacaq və təklif etdilər ki, girov qoyulanları dərhal satım ki, krediti bağlaya bilim. Yəni onlar mənim evimdən başqa bütün əmlakımı öz adamlarına ucuz qiymətə satırdılar”,-deyə M.Mahmudov yerli mediaya açıqlama vermişdi.

Bu qanunsuz hərəkətlər nəticəsində M.Mahmudova 10 milyon manat ziyan dəymişdi.

Bundan əlavə, o, “Azerigazbank”a qarşı da ittiham irəli sürüb. M. Mahmudovun sözlərinə görə, qızıl əşyalarını girov qoyaraq bu bankdan kredit götürüb. Müvafiq ekspertiza keçirilərək, akt imzalanaraq onun təqdim etdiyi qızıl əşyaları qəbul edilib. Lakin sonradan bank zinət əşyalarının üzərindəki almazı, şüşə kimi təqdim edib.