Bakıda piyadanın ölümündə ittiham edilən şəxs məhkəmə-tibbi ekspertizasından şikayətçidir. 

Məhkəmə çəkişməsi davam edən sürücü Vaqif Ömərov “Qafqazinfo”ya müraciət edərək bildirib ki, 2020-ci ildə baş verən hadisədə məhkəmə-tibbi ekspertizası onu günahkar çıxarır. Şikayətçinin sözlərinə görə, idarə etdiyi “Ford Transit” markalı maşınla Bakıda saatda 90 km sürət olan yolda 60-70 km/saat sürətlə hərəkət edərkən piyada Ruhullah Axundov keçid olmayan yerdən onun idarə etdiyi maşının qarşısına çıxıb. Yağışlı hava olduğundan o, avtomobili saxlaya bilməyib və idarəetməni itirərək yolun solundakı səkiyə vurub: “Nəticədə R. Axundov mənim maşınımın sağ yan güzgüsünə dəyərək arxasıüstə yerə yıxıldı. Dərhal digər sürücülər maşınları saxlayaraq hadisəyə görə bizə yardım etməyə başladılar. Mən təcili yardıma zəng etmək istəyərkən Quluyev Səftər Əziz oğlu idarə etdiyi “Porsche” markalı, 90 SA 400 nişanlı avtomobillə piyadanın üstündən keçdi. Avtomobil onun üzərindən keçərkən xəsarətlər yetirdi. Maşının təkərləri mərhumun sinəsi üzərindən keçib sinə sümüklərinin və qabırğaların qırılaraq ciyərlərin dağılmasına səbəb oldu və piyada öldü”.

Şikayətçi iddia edir ki, piyadanın ölümünə səbəb “Porsche” avtomobili olsa da, məsuliyyət onun üzərində qalıb: “Məhkəmə-tibbi ekspertizası “Porsche”nin sürücüsünü yox, məni təqsirli göstərib. Rəydə bildirilir ki, guya mənim idarə etdiyim maşının güzgüsü Ruhullah Axundovun başına dəyib və bu, onun ölümünə səbəb olub. Təsəvvür edin ki, mərhumun boyu 1.76 metrdir. İdarə etdiyim “Ford Transit” markalı maşının sağ yan güzgüsünün yerdən hündürlüyü isə 1.25 metr. Buna görə mərhumun başı maşınımın sağ yan güzgüsünə dəyə bilməz.

Mən bu qeydi göstərdikdən sonra məhkəmə-tibb ekspertizası rəyi dəyişərək mərhumun avtomobilin sağ yanına dəyərək yerə yıxıldığını bildirdi. Guya ki, başı yerə dəyib və bu dəymə nəticəsində başın ön sümüklərinin qırılması, burun sümüyünün yerdəyişməsi nəticəsində ölüb. Lakin görüntülərə baxdıqda görünür ki, o, maşının sağ yanına dəyərək yerə yıxılanda arxasıüstə düşüb. Yəqin “Porsche”nin sürücüsü imkanlı olduğundan, nəyinsə qarşılığında məhkəmə-tibbi ekspertiza onun xeyrinə rəy verib”.

Şikayətçi bildirib ki, iş üzrə onun hüquqlarını müdafiə edən vəkil təkrar ekspertizanın keçirilməsini istəyib. Hazırda iş üzrə təkrar ekspertizanın keçirilməsi barədə qərar qəbul edilib.