18.09.2026 - 14:27
Kriminal 24 baxış

Nigar Fərhadın şirkətinə cinayət işi açıldı

Nigar Fərhadın təsisçisi olduğu ‘AID Group’ xaricdə təhsil şirkəti ilə bağlı şikayətlərin sayı artmaqdadır. Şirkətə müraciət edən paytaxt sakini Rüfət Mikayılov da bu şikayətçilərdən biridir. O, iki il əvvəl ABŞ-da təhsil almaq məqsədilə ‘AID Group’a müraciət etmiş və müqavilə şərtləri ilə razılaşaraq iki min dollar ödəmişdir. Lakin sonradan ona təqdim edilən müqavilədə ilkin sənəddən fərqli şərtlərin yer aldığını görmüşdür. Yeni müqavilədə viza üçün əlavə 850 manat ödənilməli olduğu qeyd edilmişdir. Rüfət bu şərtlərlə razılaşmayaraq müraciətini geri götürmək istəmişdir.

Minval.info xəbər verir ki, Rüfət Mikayılov şirkətin ‘WhatsApp’ qrupunda bu barədə məlumat vermiş və müqavilədən bir həftə ərzində imtina edildikdə ödənilən məbləğin yarısının geri qaytarılmalı olduğunu bildirmişdir. Lakin bu günə qədər ödənilən iki min dollardan heç bir məbləğ geri qaytarılmamışdır. Rüfət son olaraq polisdə şikayət ərizəsi yazmış və prokurorluqdan cavab gözlədiyini bildirmişdir. Onun sözlərinə görə, ‘AID Group’ ofisinə daxil olarkən telefonu əlindən alınmışdır ki, bu da müştərilərin səsini yazmasının qarşısını almaq məqsədilə tətbiq edilən qaydadır.

‘AID Group’la bağlı hazırda Baş Prokurorluğun İstintaq İdarəsində hərtərəfli istintaq aparılır. Bir neçə zərərçəkmişə dəymiş ziyanın ödənildiyi bildirilir. Nigar Fərhad artıq cinayət məsuliyyətinə cəlb edilmişdir. Ona qarşı Cinayət Məcəlləsinin 178.3.2-ci (külli miqdarda dələduzluq) və 308-ci (vəzifə səlahiyyətlərindən sui-istifadə) maddələri ilə ittiham irəli sürülmüş və barəsində ‘başqa yerə getməmək haqqında’ iltizam qətimkan tədbiri seçilmişdir. Bu ittihamlar məhkəmə istintaqı ilə təsdiqini tapsa, Nigar Fərhadı beş ildən on ilə qədər həbs cəzası gözləyir. İki ay əvvəl ‘AID Group’ fəaliyyətini dayandırmış və şirkətin faktiki rəhbəri Samir Yəhyazadə Dövlət Təhlükəsizliyi Xidməti tərəfindən həbs edilmişdir. Samir Yəhyazadə Nigar Fərhadın həyat yoldaşıdır.

Bu xəbəri paylaş:
Link yaddaşa kopyalandı!

Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!

Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun: