Rusiyanın cızdığı planda ABŞ və Fransa da rol alıb? Vardanyan Fransaya səfər edib – “xoruzun quyruğu” daha aydın şəkildə görünməkdədir; bölgədə yeni müharibəni alovlandıra biləcək təhlükəli ssenari işə salınıb

Rusiya vətəndaşlığından çıxıb Azərbaycana – Rusiya sülhməramlılarının nəzarətində olan Qarabağa köçdüyünü elan edən erməni milyarder Ruben Vardanyan “Qarabağ məsələsi ilə bağlı bir sıra beynəlxalq görüşlər keçirmək üçün” Fransaya səfərə gedib. Bu barədə Vardanyan sentyabrın 4-də “Facebook” hesabında məlumat verib. “Mən müxtəlif ölkələrin nüfuzlu adamlarına Artsaxın (Qarabağ – red.) təhlükəsizliyini və inkişafını təmin etmək üçün hərəkətlərimizi izah etməyi vacib hesab edirəm. Bu gün həm diaspordan, həm də Ermənistandan olan dostlarımızın bu xarici resursdan erməni xalqının maraqları naminə istifadə etməsi çox vacibdir. Fransada özəl tədbirdə iştirak edəcəyəm və eyni zamanda ümumi işimizə mühüm töhfə verə biləcək insanlarla görüşməyi planlaşdırıram”, – deyə bildirib.

Vardanyanın Rusiya vətəndaşlığından imtina edərək Qarabağda məskunlaşmasının səbəbləri ilə bağlı müxtəlif versiyalar var. Bu versiyalardan birinə görə, onun məqsədi sanksiyalardan yayınmaqdır. Digər versiyalara görə, erməni milyarderin arxasında Rusiyadakı və ya Qərbdəki ermənipərəst qüvvələr dayana bilər. Bildirilir ki, o, ilkin olaraq qondarma qurumda “dövlət naziri” ola bilər. Bu arada bəzi erməni mənbələri Ruben Vardanyanın arvadının yəhudi olduğunu da bildirib.

Maraqlıdır ki, “Forbes” sentyabrın 5-də onunla müsahibə yayıb və erməni iş adamı Qarabağdakı “planları və vəzifələri haqqında” bəzi məqamları açıqlayıb. “Qarabağda dövlət vəzifəsini tutmağı planlaşdırırsınızmı” sualını isə R. Vardanyan belə cavablandırıb. “Xeyr. Mən mənəvi baxımdan da daxil olmaqla, tam fəaliyyət azadlığına malik olmaq istəyirəm. Bütün hallarda Qarabağ hələ də tam hüquqlu müəyyən statusa malik olmayan bir ərazidir və bu münaqişə hekayəsində mən Rusiyanı təmsil etmək istəmirəm. Qarabağda ölkənin və regionun təhlükəsizliyini gücləndirəcək güclü iqtisadiyyata və sosial institutlara malik uğurlu cəmiyyətin qurulması üçün şərait yaradılmalıdır. Bu mənada əsas funksiyam həm idarəçilik, həm də maliyyə əlaqələrimdən, o cümlədən danışıqlar aparmağı bilən bir insan kimi imkanlarımdan istifadə etməkdir ki, son dərəcə çətin vəziyyət şəraitində dərin uzunmüddətli münaqişə nəticəsində minlərlə ildir (?!-red.) ermənilərin Qarabağda yaşadığı torpaqlarını saxlaması üçün hər şeyi edim. Eyni zamanda ksenofobiya və qarşılıqlı nifrətə deyil, bir-birinin yanında yaşamağı öyrənmək istəyinə arxalanaraq, qonşularla münasibətlər qurmağın çətin yoluna başlamağa çalışacam. Mən həmişə birləşməsi mümkün olmayan şeyləri birləşdirən insan olmuşam. Mən müharibədə iştirak etməmişəm, döyüşməmişəm, bu mənada mənimlə ünsiyyət Qarabağda müharibə keçmiş insanlarla ünsiyyətdən daha asan ola bilər”, – deyə erməni milyarder bildirib.

Hələlik rəsmi Bakı Azərbaycan ərazilərinə qanunsuz məskunlaşacağını bildirən və təxribatçı planlarını açıqlayan erməni Vardanyanla bağlı münasibət bildirməyə tələsmir. Vardanyanın Xankəndi adından “ilk səfəri” Fransaya etməsi nə deməkdir? Təxribatçı milyarder Rusiyanın oyunun içində olmadığı rəyini yaratmaq istəyir, yoxsa iplərinin kimlərin əlində olduğuna işarə verir? Bakının prosesləri izləyib, reaksiya verməməsinin səbəbləri nədir?

Akif Nağı partiya sədri oldu

 Akif Nağı 

Azad Vətən Partiyasını sədri Akif Nağı hesab edir ki, indiki halda “Vardanyan oyunu” haqqında fikir söyləmək çətindir:  “Hələ ki izləyirik, hakimiyyət də konkret fikir bildirməkdən çəkinir. Müəmmalı məqamlar çoxdur. İlk baxışdan Rusiyanın diktəsi və planları hiss olunur. Kreml yeni şərait üçün adamlarını və planlarını müəyyənləşdirir. Yeni şərait isə Azərbaycanla Ermənistan arasında sülh müqaviləsi imzalanandan sonra yarana bilər. Məncə, Rusiyanın Ermənistanda kimisə hakimiyyətə gətirmək ehtimalı böyük deyil, son hadisələr göstərdi ki, Moskva orada təsir imkanlarını xeyli dərəcədə itirib. Moskvanın ssenarisi ilə həyata keçirilən mitinqlər gözlənilən effekti vermədi, ona görə də Putin hələlik Paşinyanla oyunlarını davam etdirmək zorundadır. Paşinyan da ”sadiq it” rolunu oynamağa çalışır, Rusiya rəhbərliyi hara deyirsə, dərhal orada peyda olur, hətta Vladivostoka da “uça-uça” getdi. Böyük ehtimalla, Vardanyan Putinə Xankəndidə gərək olacaq”. A.Nağının fikrincə, Rusiya sülh müqaviləsindən sonra Xankəndi və ətrafını əlahiddə kölgə kimi saxlamaq, ora öz adamını təyin edib, bundan Azərbaycana təzyiq, Ermənistana isə nəzarət vasitəsi kimi istifadə edə bilər: “Vardanyanın xarici səfərləri əlavə dəstək qazanmaq məqsədi güdür. Onun bu hərəkətləri nə üçünsə mənə İsrael Orini xatırlatdı, o bədbəxt Avropa, Rusiya qapılarını döyüb dəstək axtarırdı. Ermənilər 300 il əvvəlki vəziyyətlərinə qayıdıblar, yenə də həmin səhvləri təkrar edirlər. Başa düşmürlər ki, onların nicatı Azərbaycan və Türkiyəyə sığınmaqdan ibarətdir. Bakının hələ aydın reaksiya verməməsi də baş verən hadisənin qeyri-müəyyənliyi ilə bağlıdır. Yəqin ki, yaxın vaxtlarda bəzi məqamlara aydınlıq gələcək. ”Xoruzun quyruğu”nu gizlətmək mümkün deyil, tezliklə görünəcək”.

Elxan Şahinoğlu: "Paşinyan ordu daxilindəki vəziyyətdən narahatdır"

Elxan Şahinoğlu

“Atlas” Araşdırmalar Mərkəzinin rəhbəri, politoloq Elxan Şahinoğlu da “Yeni Müsavat”a şərhində məsələyə ciddi reaksiya verilməsini zəruri saydı: “Rusiyanın erməni əsilli milyarderi Ruben Vardanyan Qarabağa köçdükdən sonra Azərbaycan əleyhinə lobbi fəaliyyətini genişləndirib. Onun Qarabağa köçməsi Rusiya və Qərb mediasının diqqətini çəkib. Nüfuzlu ”Forbes” dərgisinin Vardanyadan müsahibə alması bunun nümunəsidir. Ruben Vardanyan müsahibədə Qarabağda “vəzifəyə” iddialı olmadığını söyləsə də, onun səmimi olmadığını düşünürəm. O, Qarabağda ətrafında tərəfdar qrupu formalaşdıraraq, separatçıların başına keçməyə çalışacaq. Vardanyanın Qarabağa köçməsinin də əsas qayəsini bu təşkil edir”. E.Şahinoğlu şübhə etmir ki, erməni milyarder bu qərarı təkbaşına verməyib. Analitik bu haqda danışarkən Kremlin Azərbaycan planları ilə bağlı sensasion açıqlamalarla çıxış etdi: “O, Rusiyadakı siyasi dairələrin dəstəyini alıb. Moskva Qarabağda Nikol Paşinyana bağlı olan Araik Arutunyanı öz adamıyla əvəz etmək istəyə bilər. Ruben Vardanyan tam Moskvanın adamıdır. Moskva 3 ildən sonra rusiyalı hərbçilərin Qarabağdan çıxmaması üçün Vardanyanla birgə Azərbaycan əleyhinə müxtəlif planlar hazırlayacaq. Ruben Vardanyanın Qarabağdan ilk xarici səfərini Fransaya etməsi təsadüfi deyil. Onun Fransaya səfəri Qarabağ separatçılarına dəstək mənası daşıyır. O, Fransadakı görüşlərdə erməni lobbisinin Qarabağa maliyyə dəstəyini artırmasını istəyəcək. Ruben Vardanyanın Parisdə fransalı deputatlarla və diplomatlarla görüşlərini də istisna etmirəm”. Politoloq hesab edir ki, Ruben Vardanyanın Fransadan sonra ABŞ-a gedəcəyi ehtimalı yüksəkdir: “Qarabağ separatçılarının ”xarici işlər naziri” David Babayan Vaşinqtona dəvət olunub. O, Vaşinqtonda erməni lobbisinə bağlı konqresmenlərlə görüşlər keçirib. Babayanın amerikalı diplomatlarla qapalı görüşlər keçirməsi də mümkündür. Vardanyan da eyni görüşləri keçirə bilər. Beləliklə, Ruben Vardanyan Azərbaycana qarşı fəaliyyətini genişləndirib. O iki istiqamətdə fəaliyyət göstərir. Vardanyan xarici ölkələrə səfərlərə getməklə, Azərbaycanın ərazi bütövlüyünün bərpasına mane olmağa çalışır. Onun fəaliyyətinin ikinci istiqaməti işğal altındakı torpaqlarda iqtisadi fəallığı canlandırmaqdır”.

Businessman Ruben Vardanyan Renounces Russian Citizenship, Says Will Move to Artsakh – Asbarez.com

E.Şahinoğlunun sözlərinə görə, Ruben Vardanyanın bu çalışmalarına seyrçi qalmaq olmaz: “Ordumuz üzərinə düşünə etməkdədir, ancaq bütün yük ordumuzun üzərində olmamalıdır, diplomatiya və vətəndaş cəmiyyəti səviyyəsində də fəallığımızı artırmalıyıq. Nədən Qarabağın azərbaycanlı icmasının rəhbəri xarici ölkələrdə görüşlər keçirmir? Rusiya, ABŞ və Fransadakı səfirliklərimiz konfrans və seminarların saylarını artırmalıdır. Rusiyadakı erməni milyarder Qarabağa köçürsə, nədən Rusiyadakı hansısa azərbaycanlı milyarder də Şuşada ofis açıb biznesinin bir hissəsini Qarabağdan idarə etməsin? Belə bir şəxsi nümunə Vardanyanın Qarabağa köçməsinə layiqli cavab olar”.

Heç şübhəsiz ki, Rusiyada yaşayan milyarderin qəfildən ölkə vətəndaşlığından imtina edib, artıq Azərbaycan ordusunun “ovcunun içində” olan Qarabağa köçməsi təsadüf deyil, həmçinin yalnız öz ağlının nəticəsi sayıla bilməz. Vardanyan bütün riskləri göz önünə gətirib, amma o da istisna deyil ki, Rusiya rəhbərliyinin təminatının hesabına yolunu Qarabağa salıb. Əks halda, onu elə Azərbaycanın çəkdiyi yeni yolun gerişindən sülhməramlıların komandanı Volkovun əmri ilə geri qaytarardılar, Rusiyaya “xəyanət etdiyinə görə”. İndiki halda vətəndaşlıqdan imtinanın sadəcə düşünülmüş oyunun tərkib hissəsi olduğu aydın görünür. Lakin nə olursa-olsun, Vardanyana böyük bir qələtə yol verdiyi başa salınmalıdır. Bunun üçünsə Vardanyanın “böyüyü”nə, onu bu yola-daha doğrusu, yolsuzluğa – vadar edənlərdən hesab sormaq lazımdır, Rusiyadan erməni milyarderə “xeyir-dua” verib, Qarabağa, Azərbaycan ərazisinə yola salanlardan. Azərbaycan və Rusiya arasında bu ilin əvvəlində imzalanmış müttəfiqlik bəyannaməsində bu kimi fəaliyyətlərin yolverilməzliyi xüsusi vurğulanıb, Vardanyansa separatçı və terrorçuları öz çətiri altına almağa gəlib. Rusiya prezidenti də bəyan edib ki, Qarabağ Azərbaycanın ayrılmaz tərkib hissəsidir. Belə olan təqdirdə, hansısa Vardanyanın ayrılmaz tərkib hissəmizdə nə iti azıb?!

Bu kimi sualları digər iki keçmiş həmsədrə də ünvanlamaq olar. ABŞ Qarabağ separatçısı David Babayana, Fransa isə Vardanyana qapılarını taybatay açıb. Azərbaycan ərazilərində “meydan sulayan”lar elə təyyarə trapındaca saxlanılmalı və beynəlxalq hüququn tələb etdiyi qaydalara uyğun cəzalandırılmalıdır. Lakin Ermənistanı “bacısı” sayan Fransa Vardanyanın “Rusiyadan Qarabağa qaçmasını”, oradan da Parisə uçmasını məmnunluqla qarşılayır. Hansı ki, terrorçuluğu maliyyələşdirmək terrorçuluq fəaliyyətinin özü qədər təhlükəlidir və cinayətdir! ABŞ Dövlət Departamenti isə Babayanın bu ölkəyə səfəri haqda bəhanə xarakterli açıqlama ilə çıxış edərək, işini bitmiş sayır. Postsovet məkanındakı hansı separatçı ABŞ-a bu sayaq, babayansayağı əl-qolunu sallayaraq səfər edib indiyədək, buyurub, cavab versinlər! Görünən budur ki, Rusiyanın cızdığı planda dolayısı ilə ABŞ və Fransa da “rol” alıb… Beləcə, “xoruzun quyruğu” daha aydın şəkildə görünməkdədir. “Həmsədr” qiyafəsində yenidən bölgəyə giriş imkanı əldə edə bilməyənlər indi də müharibəni yenidən alovlandıra biləcək təhlükəli ssenarini işə salıblar…