Rusiyanın xarici işlər naziri Sergey Lavrov BMT Təhlükəsizlik Şurasında iştirak etmək üçün gəldiyi ABŞ-ın Nyu-York şəhərində ikitərəfli görüşlər keçirib və Təhlükəsizlik Şurasının iclasında çıxış edib.

Musavat.com “The Guardian”a istinadən xəbər verir ki, Ukraynaya qarşı qəbul etdikləri qərarlara və ittihamlara cavab verən Lavrov Kiyev rəhbərliyinin mülki məntəqələrə hərbi texnikalar yerləşdirdiyini iddia edib.

Ukraynanın Donbass bölgəsində çoxlu hərbi cinayətlərinin qeydə alındığını deyən XİN başçısı əllərində sübutlar olduğunu açıqlayıb:

“2014-cü ildən bəri Kiyev rejiminin müntəzəm olaraq törətdiyi cinayət əməllərinə dair əlimizdə çoxlu sübutlar var. Rusiya hüquq-mühafizə orqanları Donetsk və Luqanskdan olan həmkarları ilə işləyir. Onlar birlikdə və diqqətlə hər şeyi araşdırır”.

Rusiya xarici işlər nazirinin bu çıxışı dünya mətbuatının diqqətində olub. “Lavrov təhlükəsizlik şurasının iclasına təxminən 90 dəqiqə gecikib və çıxışını bitirən kimi getmək istəyib” kimi şərhlər verilib.

Çıxışı boyu Ukraynaya qarşı ittihamlarını davam etdirən Lavrov deyib:

“Ukraynanın beynəlxalq humanitar hüquq normalarının pozulduğu totalitar bir dövlətə çevrildiyinə heç bir şübhəmiz yoxdur”.

Donetsk, Luqansk, Xerson və Zaporojye vilayətlərinin Rusiya ərazisinə qoşulmaq üçün keçirdikləri referendumun bölgə sakinlərinin iradəsinə əsaslandığını izah edən rusiyalı nazir xalqın bu qərarla Zelenskiyə cavab verdiyini bildirib.

Lavrov iddia edib ki, Ukrayna və onun müttəfiqləri “Rusiya ilə bağlı dünyaya tamamilə fərqli rəvayətlər təqdim etməyə” çalışırlar.

Rusiyanın XİN başçısı Ukrayna və onun qərb müttəfiqlərinin Donbassda “cəzasız qaldığını” dedikdən sonra BMT Təhlükəsizlik Şurasının iclasını tərk edib.

Qeyd edək ki, bu, Lavrovun mühüm görüşü ilk dəfə tərk etməsi halı deyil. Rusiyalı nazir müharibə başlayandan bəri qatıldığı bir çox beynəlxalq görüşlərdə mübahisə edərək zalı tərk edib.

Lavrovdan sonra şura iclasında çıxış edən Böyük Britaniyanın xarici işlər naziri Ceyms Kleverli bildirib ki, ölkəsi Ukraynanı sona qədər dəstəkləyəcək.

Britaniyalı nazir rusiyalı həmkarı haqqında bunları söyləyib:

“Onun otağı tərk etməsinə təəccüblənmədim. Düşünürəm ki, cənab Lavrov bu şuranın kollektiv qınağını eşitmək istəmir”.