Nəşriyyat direktorundan kitab oğurlayanları müdafiə edənlərə sərt sözlər

Elməddin Süleymanlı və Elvin Əhmədov adlı iki gəncin kitab mağazasından iki kitab oğurladıqlarına görə saxlanıldıqları haqda məlumat gündəmin müzakirə mövzularından birinə çevrilib. Sonra isə məlum olub ki, gənclər saxlanılaraq, məhkəməyə çıxarılıblar və sonra bəraət alıblar.

Qeyd edək ki, kitab oğurlamaqda təqsirləndirilən iki şəxsdən biri – Elməddin Süleymanlı müzakirəyə çevrilən olayla bağlı videomüraciət yayıb. Bildirib ki, bu işə 3 gün əvvəl məhkəmədə xitam verilib və onlar bəraət alıblar. E. Süleymanlı sözügedən videonun 3 gün sonra yayılmasını qarşı tərəfin hiddəti ilə əlaqələndirib. Bildirib ki, kitablar yerindəcə qarşı tərəfə təhvil verilib. Məlumata görə, Elməddin Süleymanlı Türkiyə universitetlərindən birində kino təhsili alıb, bir neçə sənədli filmin, qısametrajlı bədii filmin rejissoru və ssenari müəllifidir. Hazırda tammetrajlı filmin çəkilişləri ilə məşğuldur.

Çoxları o fikirdədir ki, kitab oğrusu adi oğrular kimi deyil, onlara münasibət fərqli olmalıdır, çünki kitab oğurlamaq əslində cəmiyyətin nəzdində suç deyil.

Bəs kitab oğrulamaq… oğurluqdurmu?

31 yaşlı deputat Kamal Cəfərov kimdir? - DOSYE

Kamal Cəfərov

Deputat Kamal Cəfərov Milli Məclisdəki çıxışında məsələyə münasibət bildirib. Deputat bildirib ki, oğurluqda əmlakın dəyəri 100 AZN olarsa, bu məsuliyyət yaradır: “Mən Səbayel Rayon Məhkəməsinin hakimi Azər Tağıyevə təşəkkür etmək istəyirəm ki, o, baş vermiş hadisədə inzibati məsuliyyətin olmadığı barədə qərar verib”.

Digər tərəfdən, deputat “Əli və Nino” şəbəkəsinin rəhbərinin nəzərinə çatdırıb ki, qanuna görə, çəkilişlər vətəndaşın razılığı əsasında aparıla bilər: “Əslində bununla inzibati xətanı Nigar xanım törədir. Məşhur bir deyim var, oğrular adətən kitab oğurlamır və kitab oxuyan da oğru olmur”.

“Mağazadan oğurlamaq yaxşı hal deyil, bu gənclər nahaq belə bir iş tutublar. Bəlkə də pul vermək yadlarından çıxıb. Kitab oxuyan insanlar vicdanlı və abırlı olurlar. Kitab adamı dəyişdirir. Amma ”İlahi komediya”nı oğurlayıb oxumaq olmaz. Əgər pulları olmayıbsa, mağazaya onların yerinə pulu ödəməyə hazıram”. Bu sözləri Publika.az-a xalq yazıçısı Çingiz Abdullayev  deyib.Yazıçı özü də kitab oğurluğu ilə qarşılaşdığını bildirib: “Dəfələrlə olub ki, kitablarımı aparıb və qaytarmayıblar. Belə aparanda xoşum gəlir, amma oğurluğa haqq qazandıra bilmərəm. Oğrular adətən kitab oğurlamır, çünki onlara lazım olmur. Allahsız və vicdansız adamlardır. Ola bilsin ki, bu cavanlar istəyiblər ki, ”İlahi komediya”nı oxusunlar, amma imkanları olmayıb. Bu səbəbdən onları bağışlayardım, lazım olsa, yerinə də pul verərdim. Amma sonra da tələb edərdim ki, kitabı oxusunlar və mənə danışsınlar”.

İlqar Fəhmi - "Aktrisa" • Yazıçı Ceylan Mumoğlunun rəsmi saytı

İlqar Fəhmi

Şair, yazıçı, kinodramaturq, Azərbaycan Yazıçılar Birliyinin Yaradıcılıq məsələləri üzrə katibi İlqar Fəhmi bildirib ki, kitab oğurluğu sovet dövründən qalan bir ənənədir:

“Hər bir iş dövrünə uyğun ölçülməlidir. Sovet dövründə Azərbaycan biznes ölkəsi deyildi, ümumiyyətlə, kapitalist sistemi deyildi, başqa bir quruluş idi. O quruluşda hər bir işə münasibət də fərqli idi. Ara-sıra xalq arasında belə bir söhbət gəzirdi ki, kitab oğurluğu oğurluq sayılmır. Hətta bunu Leninlə əlaqələndirirdilər. Həm də o dövrdə ən yeni çıxan kitablar belə kitabxanalara verilirdi. Odur ki, imkanı olmayan insan kitabxanadan o kitabı alıb oxuyurdu. Bunun üçün hər cür şərait yaradılırdı. Biznes məqsədləri güdülmürdü. O sistem dəyişdi və biz indi kapitalizm dövründə yaşayırıq. Burada artıq hər şeyin öz dəyəri və maddi ölçüsü var. Qanundan kənara çıxmaq təbii ki, cəzalandırılmalıdır. Deyə bilmərəm ki, bu gənclər yaxşı ediblər. Elə bir dövrdə yaşayırıq ki, hər addımımız qanunla hesablaşır.

Bu uşaqlar mağazanın rəhbəri Nigar xanımın özündən xahiş etsəydilər, inanmıram ki, onlara etiraz edərdi. Kitabların əldə olunmasında Yazıçılar Birliyi də yardım edə bilərdi. Uşaqların bu kitabları oxumaq istədiyini görsəydim, öz kitablarımdan da hədiyyə edərdim. “İlahi komediya”dan hər yerdə var, məndə dörd nüsxədir”.

Şahbaz Xuduoğlu — Vikipediya

Şahbaz  Xuduoğlu

“Qanun” nəşriyyatının direktoru Şahbaz Xuduoğlu isə “Yeni Müsavat”a açıqlamasında baş verən hadisəyə sərt reaksiya verib: “Bunun bir adı var – oğurluq! Onun ikinci adı yoxdur. Doğrudur, yazıçılar buna müxtəlif adlar qoydular. Amma onlar sevinməsinlər, çünki oğurlanan kitablar arasında onların kitabı yoxdur. İkinci bir tərəfdən, dəfələrlə olub ki, kitab istəyən tələbələrə, məhkumlara, hətta hərbi hospitallarda yaralılara kitablar aparmışıq. Yəni kim kitab istəyibsə, ona verilib.

Bu hadisəni eşidəndə çox təəssüfləndim.  Əgər həmin gənclər kitab oğurlayıb sonra bunu zarafata çevirsəydilər, satıcılara xoş münasibət göstərsəydilər, bəlkə də buna bir qədər yumşaq yanaşmaq olardı. Amma oradakı insanların əməyini oğurla, eyni zamanda onlara qarşı zorakılıq edib, itələ, qaç get, bu qətiyyən yolverilməzdir. Əlbəttə ki, bu cür xuliqanlıq olanda polisə müraciət olunmalıdır, biz hüquqi dövlətdə yaşayırıq. Çox sağ olsun polislər onları saxlayıblar. Qeyd edim ki, əslində həmin gənclər ötən həftə azadlığa buraxılıblar, bununla bağlı video sonradan yayılıb. Görünür, kitabla bağlı olduğundan hadisə cazibəli görünüb. İndi polisi qınayırlar ki, məsələni niyə bu cür təqdim edir. Nəyin və kimin necə təqdim olunmasını biz təyin etmirik.  Bir daha qeyd edirəm ki, hadisəni eşidəndə çox təəssüfləndim. Bizim bu cür gəncliyimiz olmamalıdır. Xüsusən də sonradan məlum oldu ki, həmin gənclərdən biri rejissor imiş. Əgər sənə kitab lazım idisə, gedib bunu bildirərdin, onu sənə verərdilər. Nəinki nəşriyyat, hətta kitabxana da sənə kitab verərdi. Yəni demək istəyirəm ki, yazıçıların həmin gəncləri bu cür müdafiə etməsi çox eybəcər görünür. Bu nədir? Deyirlər ki, “kitab oğrusu oğru sayılmır”. Onu deyən başdan xarabdır. Sovet dönəmində Lenin bir sözü var idi  – “Kitab oğrusu oğru sayılmır”. Onların özlərinin kitabxanaları var idi, özləri bilərlər. Amma axı bu, kitab dükanıdır, orada kitab satılır”.

Şahbaz Xuduoğlu qeyd etdi ki, adətən ən çox oğurlanan kitablar elə ən çox satılan kitablardır: “Əlbəttə ki, satılmayan kitabları heç kəs oğurlamaz. Hətta gözümün önündə kitab götürənlər olub, hansı ki, aralarında xanım da olub. Lakin üz vurmamışam, çünki özüm utanmışam. Bu mənada kitabların oğurlanması yolverilməzdir. O ki qaldı fondla bağlı təklif məsələsinə. Əlbəttə ki, oğurluğa qədər çoxlu sayda çıxış yolları var. Məsələn, kitabxanalar, onların keçirdiyi aksiyalar  var, onlardan yararlana bilərlər, həmçinin ucuz qiymətə ikinci əl kitabları olur və sairə. Yəni oğurluqdan yayınmaq üçün müxtəlif üsullar var. Əgər insanlar əllərində olan bu imkanlardan yararlanmayıb, oğurluq edirsə, deməli, hətta fond olsa belə yenə oğurlanacaq. Ümumiyyətlə, insanın xırda məsələyə münasibəti necədirsə, böyük məsələyə də müraciəti o cürdür. Hadisə ilə bağlı fikir səsləndirənlər oldu ki – ”milyonları oğurlayanları həbs etmirlər, amma kitab oğurlayanları tuturlar”. Əgər insan bu gün kiçik bir kitab oğurlayırsa, sabah böyük yerdə olanda da oğurluq edəcək. Milyonları oğurlayanlar da zamanında xırda oğurluqlardan başlayıblar”.

Şahbaz Xuduoğlunun sözlərinə görə, son illərdə kitablara maraq artıb: “Son illərdə kitab oxuyanların sayı artıb, bu çox sevindiricidir. Xüsusən də xarici dillərdə olan kitablara maraq artıb. Təəssüf ki, yerli ədəbiyyat zəif oxunur. Amma Qarabağ qələbəsindən sonra Azərbaycan tarixinə, fikrinə, sözünə olan maraq artıb. Görürəm ki, xüsusən də fəlsəfi, tarixi kitablara maraq var”.