10.08.2026 - 17:52
Kriminal 23 baxış

Kiberpolis 10 milyon manatlıq onlayn mərc şəbəkəsini necə ifşa etdi?

Daxili İşlər Nazirliyinin Kibercinayətkarlıqla Mübarizə Baş İdarəsi (KMBİ) ölkə daxilində qanunsuz onlayn mərc və kazino oyunları təşkil edən şəxslərə qarşı mübarizəni davam etdirir. Bu çərçivədə, qanunsuz dövriyyəsi 10 milyon manat olan daha bir onlayn mərc şəbəkəsi ifşa edilib.

Minval.info xəbər verir ki, kiberpolisin həyata keçirdiyi əməliyyat nəticəsində Zaur Nərimanov və qardaşı Fuad Nərimanovun rəhbərlik etdiyi, ölkə ərazisində qadağan olunmuş “Xbet” və “MostBet” platformaları vasitəsilə qanunsuz mərc oyunları təşkil edən şəbəkə aşkar edilib. Onlar “Telegram” üzərindən “AzeCash” səhifəsi vasitəsilə bu fəaliyyətlərini həyata keçiriblər. Şübhəli şəxslər, paytaxtın Xətai rayonunda icarəyə götürdükləri mənzildə işçiləri yerləşdirərək, onları qanunsuz fəaliyyət üçün lazımi texniki vasitələrlə təmin ediblər.

Əməliyyatın davamı olaraq, Zaur və Fuad Nərimanovlarla əlaqəli olan digər şübhəli şəxslər – Orxan Hüseynov, Zaur Şirinov və Emin Məmmədov da saxlanılıb. İstintaq zamanı müəyyən edilib ki, dəstə üzvləri “Xbet” və “MostBet” platformaları vasitəsilə əldə etdikləri külli miqdarda pul vəsaitini müxtəlif yollarla leqallaşdırıblar. Onların qanunsuz mərc və qumar oyunlarının təşkili yolu ilə ümumilikdə 10 milyon manat həcmində qanunsuz maliyyə dövriyyəsi həyata keçirdikləri müəyyən olunub.

Bu faktla bağlı Baş İdarədə Cinayət Məcəlləsinin müvafiq maddələri ilə cinayət işi başlanıb. Zaur və Fuad Nərimanovlara, eləcə də digər təqsirləndirilən şəxslərə ittiham elan edilib. Məhkəmənin qərarı ilə onlar barəsində həbs, həmçinin digər növdən olan qətimkan tədbirləri seçilib.

Vətəndaşlara bir daha müraciət edərək, sosial şəbəkələrdə və internet platformalarında təklif olunan “Xbet”, “MostBet” və digər qanunsuz mərc oyunlarında iştirak etməməyə çağırırıq. Bu cür oyunların qanunsuz təşkili və idarə olunması, eləcə də həmin fəaliyyətlərdə iştirak qanunvericiliyin tələblərinə uyğun olaraq cinayət və ya inzibati məsuliyyət yaradır.

Bu xəbəri paylaş:
Link yaddaşa kopyalandı!

Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!

Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun: