İş yerində lift boşluğuna düşən şəxsin 5 fəqərə sümüyü sınıb. Zərərçəkən iddia edir ki, o iş yerindən verilən vədə inanıbvə hüquq mühafizə orqanlarına hadisə barədə məlumat verməyib. 2 aydan sonra zərərçəkmişin müalicə xərcələri kəsilib və o işdən çıxarılıb.

Minval.info xəbər verir ki, görüntünü ”Xəzər xəbər”ə təqdim edən Mahmud Rəhimov hazırda kirayədə yaşayır. O hələ tam sağalmadığından başqa yerdə işləyə də bilmir.

Qapını açaraq içəri girən şəxs, liftin olmaması səbəb ilə boşluğa yıxılır.

Üstəlik yıxılaraq ağır xəsarət alan şəxs iddia edir ki, bu haldan bir müddət sonra həm müalicə xərcləri ödənilməyib həmdə çalışdığı müəssədən xaric edilib.

Mahmud Rəhimov bildirib ki, hadisə mayın 7-də dondurma istehsalı ilə məşğul olan müəssisədə baş verib.

Onun sözlərinə görə iş yerindən verilən vədə inanaraq xəstəxanada ona müraciət edən hüquq mühafizə orqanları əməkdaşlarına da evdə yıxıldığını bildirib. Şikayətçi iddia edir ki,onun xəsarət almasına səbəb məhz müəssənin fəaliyyətini standartlara uyğun qurmaması olub.

Sözügedən məsələ ilə bağlı “Camal LTD” adlı müəssisə telefonlara cavab vermədiyindən, şirkətin yerləşdiyi binaya getdik. Burada isə mühafizəçi tərəfindən əvvəlcə gözləməli olduğumuz deyildi. Sonra isə binada səlahiyyətli şəxsin olmadığı bildirildi. Məsələ ilə bağlı hər hansı cavabdeh bir şəxsin mobil nömrəsi də təqdim edilmədi.

Hüquqşünas Xəyal Bəşirov isə bildirir ki, sözügedən vəziyyətdə bütün məsuliyyət həmin müəssənin rəhbərliyinin üzərinə düşür. Bu müddətdə nəyinki işçi işdən çıxarılmamalı, hətta onun bütün müalicə xərcləri təmin edilməli və sağaldıqdan sonra yenidən işlə təmin edilməlidir. Baş verən hadisənin hüquq mühafizə orqanlarından gizlədilməsi də əlavə məsuliyyət yaradır. Hər bir halda ziyan çəkən şəxs məhkəməyə müraciət edərək hüquqlarına müdafiə edə bilər-deyə hüquqşunas bildirib.

Qeyd edək ki, “Camal LTD” “İceland” ticarət markası altında dondurmanın istehsal və satışı ilə məşğul olur.