UEFA 2021/2022 mövsümündə klublar üçün fərqli formatda yarış təşkil edəcək. Artıq klublar Çempionlar Liqası və Avropa Liqası ilə yanaşı, yeni yaradılan Konfrans Liqasında da yarışacaq.

Bəs Azərbaycandan hansı klublar hansı turnirdə yarışa biləcək? Oxu.Az bunu araşdırıb.

Çempionlar Liqası

Əvvəla, onu qeyd edək ki, Çempionlar Liqasının formatı Azərbaycan üçün dəyişməz qalıb. Yəni, Azərbaycan çempionu bu turnirin I təsnifat mərhələsindən başlayacaq. Hazırda bu yerə namizəd “Qarabağ” və “Neftçi”dir. Digər altı komandanın sona dörd tur qalmış Azərbaycan çempionu olmaq şansı yoxdur. Hazırkı durumda “Qarabağ” 50 xalla lider, “Neftçi” 47 xalla ikincidir.

Çempionlar Liqasının I təsnifat mərhələsi – “Qarabağ”/“Neftçi”

Avropa Liqası

Bu mövsüm birdən-birə Avropa Liqasında çıxış edəcək təmsilçimiz olmayacaq. Buna səbəb reytinqi aşağı olan ölkə təmsilçilərinə Konfrans Liqasında yer ayrılmasıdır. Yalnız Azərbaycan çempionu Avropa Liqasında mübarizə apara bilər. Bu da komandamız Çempionlar Liqasının II təsnifat mərhələsindən etibarən mübarizədən kənarlaşdırıldığı təqdirdə baş tutacaq. Yəni, Azərbaycan çempionu Çempionlar Liqasında minimum bir mərhələ keçməlidir ki, uduzacağı halda Avropa Liqasının III təsnifat mərhələsində mübarizə apara bilsin.

Konfrans Liqası

Yeni yaradılan liqada Azərbaycanın üç komandası mübarizə aparacaq. Bunlar Azərbaycanın gümüş və bürünc mükafatçıları və ölkə kubokunun qalibi olacaq. Həmçinin kubokun qalibi bürünc mükafatçı olacağı halda, Azərbaycan çempionatının dördüncüsü də bu yarışda iştirak edə bilər. Əvvəla, onu bildirək ki, bu yerə namizədlərin sayı bütün səkkiz klubdur. Çünki nəzəri olaraq, hətta sonuncu “Səbail”in belə bürünc medal qazanmaq şansı qalmaqdadır.

Ancaq biz faktiki duruma baxacağıq. Hazırda “Qarabağ” və ya “Neftçi”dən biri gümüş medal qazanacaq. Bürünc medallar isə xalları eyni olan “Sumqayıt” və “Zirə”dən birinə nəsib olacaq. Mayın 24-də isə Azərbaycan Kubokunun qalibi müəyyənləşəcək. Bu isə ya “Keşlə”, ya da “Sumqayıt” olacaq. Deməli, “Zirə”, “Sumqayıt” və “Keşlə” arasında avrokuboklara düşmək üçün gərgin mübarizə gedəcək.

Əgər mayın 19-da keçiriləcək sonuncu turdan sonra “Zirə”nin bürünc medal qazanması rəsmiləşəcəksə, kubokun qalibi Konfrans Liqada iştirak edəcək dördüncü komanda ünvanına sahib çıxacaq. Əgər “Sumqayıt” bürünc medallara yiyələnəcəksə, o zaman “Zirə”nin taleyi kubokun final matçından asılı olacaq. Bunun üçün “Zirə” “Sumqayıt”ın qələbəsi ilə Azərbaycan çempionatının dördüncüsü kimi avrokuboklara qatılmaq istəyəcək. Əks halda, “Keşlə” növbəti dəfə Azərbaycan Kubokunu qazanıb, Konfrans Liqasında mübarizə aparacaq.

Konfrans Liqasının I təsnifat mərhələsi – “Qarabağ”/“Neftçi”, “Sumqayıt”/“Zirə”/“Keşlə”

Qeyd edək ki, ötən mövsüm Azərbaycanı avrokuboklarda “Qarabağ”, “Neftçi”, “Keşlə” və “Sumqayıt” təmsil edib. Komandalar pandemiya səbəbindən yarımçıq qalmış çempionatda son turnir cədvəlindəki yerlərinə əsasən müəyyənləşdirilib.