30.10.2026 - 15:14
Bakıda 100 ildən çox yaşı olan binaların yerləşdiyi ərazilər
CƏMİYYƏT 151 baxış

Bakıda 100 ildən çox yaşı olan binaların yerləşdiyi ərazilər

Baku.ws-ın məlumatına görə, Bakıda yaşı 100 ildən çox olan binaların dəqiq sayını müəyyənləşdirmək üçün ilk növbədə mövcud tikililərin inventarlaşdırılması, onların tikilmə tarixinin və texniki vəziyyətinin qiymətləndirilməsi vacibdir. Bu barədə Azərbaycan Qiymətləndiricilər Cəmiyyətinin (AQC) sədri Vüqar Oruc açıqlama verib.

Orucun sözlərinə görə, şəhərdə XIX əsrin sonu və XX əsrin əvvəllərində inşa edilmiş çoxsaylı binalar mövcuddur. Lakin bu tikililərin hamısına eyni yanaşmaq mümkün deyil, çünki aralarında mühüm memarlıq və tarixi əhəmiyyət daşıyan nümunələr var. Xüsusilə İçərişəhərdə, Səbail rayonunda və Bakının mərkəzi hissəsində yerləşən bir sıra tarixi binalar dövlət tərəfindən qorunur və onların sökülməsi məqsədəuyğun hesab edilmir.

100 ildən artıq yaşı olan binalara İçərişəhərdəki orta əsrlərdən və XIX əsrdən qalma yaşayış evləri, Fəvvarələr meydanı ətrafında neft milyonçuları dövründə inşa edilmiş tikililər, İstiqlaliyyət küçəsindəki tarixi yaşayış və inzibati binalar, eləcə də Nizami küçəsində yerləşən XIX–XX əsr memarlıq nümunələri daxildir. Dilarə Əliyeva, Yüzbəy Mürsəlov küçələrində və Neftçilər prospektində də həmin dövrdən qalan binalar mövcuddur.

AQC sədri əlavə edib ki, Bakıda vaxtilə neft sənayesində çalışan fəhlələr üçün inşa edilmiş, lakin tarixi və memarlıq baxımından xüsusi əhəmiyyət daşımayan binalar da mövcuddur. Belə tikililər əsasən neft hasilatı aparılan ərazilərdə, o cümlədən Ramana ətrafında yerləşir və onların bir qismi artıq sökülüb, digərlərinin isə mərhələli şəkildə sökülməsi nəzərdə tutulur.

Baş plan çərçivəsində köhnəlmiş yaşayış fondunun yenilənməsi əsas hədəflərdən biri olsa da, bu proses tarixi-memarlıq irsinin qorunması prinsipi ilə uzlaşdırılmalıdır. Yəni binanın yaşı onun sökülməsi üçün yeganə meyar deyil, əsas məsələ tikilinin tarixi və memarlıq dəyəri, texniki vəziyyəti və mühafizə statusudur.

Bu xəbəri paylaş:
Link yaddaşa kopyalandı!

Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!

Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun: