07.09.2026 - 14:33
Təhsil 14 baxış

Göz ətrafındakı ləkələr infarkt xəbərçisi ola bilər

Göz ətrafında yaranan sarımtıl və şişkin ləkələr, ürək-damar xəstəlikləri riskinin erkən göstəricisi kimi qəbul edilə bilər. “Atherosclerosis” jurnalında dərc olunan araşdırmaya görə, bu əlamət ksantelazma adlanır və infarkt, insult, eləcə də keçici işemik tutma riski ilə əlaqələndirilir.

Minval.info xəbər verir ki, Stanford Universitetinin alimləri ksantelazma diaqnozu qoyulmuş 17 925 nəfərin sağlamlıq məlumatlarını bu əlaməti olmayan şəxslərlə müqayisə ediblər. Araşdırmanın nəticələrinə əsasən, ksantelazması olan şəxslərdə infarkt riski 1 faiz, nəzarət qrupunda isə 0,35 faiz təşkil edib. İlk il ərzində insult və keçici işemik tutma riski də ksantelazması olan şəxslərdə daha yüksək olub. Beş və 10 illik müşahidələrdə fərq azalsa da, riskin yüksək olaraq qaldığı bildirilib.

Araşdırmanın diqqətçəkən nəticələrindən biri də qanda xolesterin və digər yağların səviyyəsi normal olan ksantelazmalı şəxslərdə belə ürək-damar riskinin yüksək olmasıdır. Mütəxəssislər göz ətrafındakı bu ləkələrin yalnız estetik problem kimi qiymətləndirilməməsini və onların aşkarlandığı halda ürək-damar risk faktorlarının yoxlanılmasını tövsiyə edirlər.

Bu xəbəri paylaş:
Link yaddaşa kopyalandı!

Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!

Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun: