Əli Heydərov Moskvadakı “Food City”ni özünə tabe etdirmək istəyib və bu…

Aprelin 12-də Moskvanın Aviasiya küçəsində yerləşən “Al Yelkən” elit yaşayış kompleksinin fitnes zalında Albert Rıjiy və Alik Gəncinski ləqəbləri ilə tanınan azərbaycanlı kriminal avtoritet Əli Heydərovu qətlə yetirən killer Mətləb Sultanovla bağlı yeni təfərrüatlar bəlli olub.  “Rossiya -24″ kanalında efirə gedən ”Dejurnaya çast” proqramı bu barədə ətraflı məlumat yayıb.

Killer “Al yelkən” kompleksində bir il əvvəl mənzil kirayələyib və kompleksin fitnes-klubuna üzv yazılıb, hansı ki, Əli Heydərov müntəzəm olaraq orada idmanla məşğul olurdu. Sultanov diqqət çəkməmək üçün özünə sevgili də tapıb və həmin mənzildə yaşayıblar. Qadın bildirib ki, Mətləb Sultanov messencerlərdəki yazışmaları silirdi və fotosunu çəkməyə icazə vermirdi. Hazırda onun hamilə olduğu da deyilir. 

Mətləb Hüseynov qurbanını təqib etdiyi müddətdə sifarişçidən iri məbləğdə pul alıb və həmin pula xərclərini ödəyib. Ehtiyat üçün Moskvanın başqa səmtində də mənzil kirayələyib. O, aprelin 14-də həmin mənzildə yaxalanıb.

Saxlanılarkən Alberti onu telefonda söydüyü üçün öldürdüyünü deyib, lakin bu versiya müstəntiqlər üçün inandırıcı deyil. O, hələlik sifarişçinin adını çəkmir. Bəzi məlumatlara görə, Albert Rıjiy Lotu Qulinin ölümünü sifariş verdiyi üçün öldürülə bilərdi. Məlumdur ki, 2014-cü ildə Albert Rıjiy ona sui-qəsdlə bağlı Sankt-Peterburqda keçirilən məhkəmədə əsas sifarişçi kimi o zaman Azərbaycanda həbsdə olan Lotu Qulinin adını çəkib, onların arasında münasibətlər daha da kəskinləşib. Bu məsələ ilə bağlı keçirilən “sxodka”da Quli tərəfdarları iddia edib ki, sui-qəsd məsələsini Albert Rıjıy özü polisdəki adamlarının dəstəyi ilə quraşdırıb.

Məhkəmə də sui-qəsd cəhdinin kimlər tərəfindənsə təşkil olunduğuna və hazırlandığına dair ittihamın əsassız olduğu qənaətinə gəlib. Nəticədə sui-qəsdin təşkilatçısı kimi ittiham olunan Qulinin qohumu İlham Hacıyevə tam bəraət verilib. “Muzdlu qatillər” hesab edilənlər isə bəraət alıb.

O zaman Türkiyənin Ədirnə şəhərində bu “söhbətin razborkası” da qanla bitmişdi. Lotu Qulinin qardaşı Namiq Bakinski və ona yaxın digər kriminallarla Albert Rıjiy arasında silahlı toqquşma baş vermişdi. Bu toqquşmada Əli Heydərovun mühafizəçisi ölmüş, özü isə canını qurtara bilmişdi. Həmin vaxt məlumat yayıldı ki, Namiq Bakinski və Lotu Qulinin digər tərəfdarları Albert Rıjiyi “qanuni oğru” titulundan məhrum ediblər. 2018-ci ilin martında isə artıq azadlıqda olan Lotu Qulinin İstanbuldan “Medvedkovo” həbsxanasında həbsdə olan Əli Heydərova şəxsən zəng etdiyi barədə məlumat yayılmışdı. Bildirilirdi ki, Quli ona “qanuni oğru” adını əlindən alındığını bildirib. Lotu Quli Albert Rıjiyə bildirib ki, o, həbsxanada “qanuni oğru” adı altında yatmayacaq. Məlumata görə, bundan sonra postsovet məkanının nüfuzlu “qanuni oğru”ları Qulidən Albertin “qanuni oğru” adının geri qaytarılmasını xahiş ediblər. Quli isə cavabında bildirib ki, onun verdiyi qərar əsaslıdır və geri dönüşü yoxdur. Amma Rusiya mətbuatı yazırdı ki, Albert həbsxanada “qanuni oğru” kimi tanınıb və bu məsələdə piterli “qanuni oğru”lar ona dəstək verib.

Lakin kriminal dairələrə yaxın mənbələr deyirlər ki, bu səbəbdən Quli klanının qətli sifariş verməsi ağlabatan deyil. Çünki Əli Heydərov Lotu Qulinin qətlini sifariş verəcək qədər nüfuzlu biri deyildi.

İstintaq isə hesab edir ki, qətldə Qulinin qardaşı “Namiq Bakinski” maraqlı ola bilərdi. Onun azı iki motivinin olması mümkündür. Belə ki, “Namiq Bakinski” qardaşının qətlini Albertin və gürcü “qanuni oğru” Badri Kutaisskinin sifariş verdiyini düşünür. Bundan əlavə, Əli Heydərov ötən ilin iyununda həbsdən çıxandan sonra Moskvadakı meyvə-tərəvəz bazaları üzərində nəzarətə iddia edib, o cümlədən “Food City”ni özünə tabe etdirmək istəyib. Bu da “Namiq Bakinski”nin xoşuna gəlməyib.

Yaxınları deyirlər ki, Albert Rıjiy həmişə iki silahlı cangüdənlə gəzirdi. Cangüdənlər onu evdən çıxan kimi hər yerdə müşayiət edirdilər, hətta fitnes-kluba da birlikdə gedirdilər. Baxmayaraq ki, fitnes-klub evdən 2 dəqiqəlik piyada məsafəsindədir. Cangüdənlər Əlini soyunub-geyinmə otağına qədər müşayiət edirdilər və idman edib bitirənə qədər orada gözləyirdilər.

Həmin gün aprelin 12-də Əli Heydərov idman etməyə gedəndə cangüdənə tapşırıb ki, iki maşını yusun. Cangüdən isə şefin idmanı başa çatana qədər ancaq bir maşını yumağa vaxt tapacağını, o biri maşını sabah “moyka”ya aparacağını deyib. Kriminal avtoritet cangüdəni maşın yumağa göndərərək idman zalına tək gedib və öldürülüb.

Rusiyada azərbaycanlı avtoriteti öldürən şəxs cinayəti etiraf edib | Report.az

Mətləb Sultanov

Telekanal məlumat verir ki, killer hadisə yerini 26 saylı marşrut avtobusla tərk edib. Burada o, gödəkçəsini şəxsiyyəti hələ müəyyənləşməyən biri ilə dəyişib. Sürücü metronun “Sokol” stansiyası yaxınlığındakı axırıncı dayanacaqda  salona baxarkən, pəncərənin yanında, oturacağın arxasında tapança, patron darağı aşkar edib. Killer buradan başqa bir mənzilinə gəlib. Əməliyyatçılar da onu bu mənzildə, heç bir müqavimət görmədən həbs ediblər. Onu istintaqa başında torba gətiriblər. Səhəri gün isə avtozaka mindirərkən killerin başında kaska və əynində gülləkeçirməz köynək olub.

Mətləb Sultanov 2008-ci ildə bacısını qətlə yetirib, yeznəsinin qulağını kəsib və bu cinayətə görə həbsdə olub. Dediyinə görə, Albert Rıjiylə birlikdə həbsdə olub.