“Sahibkarlığın inkişafı üçün ilk öncə məhkəmə islahatları aparılmalıdır. Təkliflərin verilməsi üçün iki ay müddət qoyulmuşdu, ancaq 7 ay keçib, hələ də təkliflərdən əsər-əlamət yoxdur”.

Deputat Fazil Mustafa bu fikirləri Milli Məclisdə Vergilər Məcəlləsinə təklif edilən dəyişikliklərin müzakirəsi zamanı söylədi. F.Mustafa dedi ki, ölkənin Mərkəzi Bankın rəhbərliyi bank faizlərinin aşağı salınmayacağını bildirib: “Onda iqtisadiyyatı necə inkişaf etdirmək olar? Adam qazanmalıdır ki, vergi də ödəsin. Bu gün Azərbaycan cəmiyyətinin iqtisadi problemləri var. İnsanlar pul qazanmaq imkanından adi qaydada məhrum olurlar. Onlar iqtisadi sahədə uğur qazana bilməyəndə siyasətə üz tuturlar. Taksi sürücülərinə baxın, böyük əksəriyyəti ya müəllimdir, ya başqa sahənin mütəxəssisi. Öz sahələrində gəlir əldə edə bilmədikləri üçün başqa sahəyə üz tutublar”.

F.Mustafa vaxtilə orta məktəb dərsliklərinin ƏDV-dən azad olunması ilə bağlı qərarın verildiyini təqdir etdi: “Lakin ali məktəb dərslikləri ilə bağlı bu addım atılmayıb. Ümumiyyətlə, kitab və çap məhsulları ƏDV-dən azad olunmalıdır. 18 faiz kifayət qədər böyük rəqəmdir. Bu addım kitaba olan münasibəti dəyişəcək. Kitabın qiyməti aşağı salınanda kitabın qiyməti ucuzlaşacaq. Ona görə də burada cəsarətli addım atmaq lazımdır”.