Türkiyə, Lüksemburq, İspaniya, Riqa və daha hansı ölkələr?

Keçmiş milli təhlükəsizlik naziri Eldar Mahmudovun oğlu Anar Mahmudov mayın 11-də “MEA Capital Limited” şirkətinin könüllü şəkildə ləğv olunduğunu elan edib. Xəbəri “Turan” agentliyi yayıb.

Musavat.com xəbər verir ki, sabiq nazirin oğlu bu şirkəti iki il əvvəl təsis etmişdi. Həm də bu o vaxta təsadüf edirdi ki, Anar Mahmudovun qayınatası  “Beynəlxalq Bank”ın sabiq rəhbəri Cahangir Hacıyevin Bakıda yeni məhkəməsi başlamışdı. Amma daha sonrası da var. Məhz şirkətin təsis günlərində A.Mahmudovun qayınanası Zamirə Hacıyeva da bütün Britaniya mətbuatının diqqətində idi.

Zamirə Hacıyeva Britaniya polisi tərəfindən böyük məbləğdə pulların yuyulması və mənimsənilməsi ittihamı üzrə saxlanmışdı. Xanım Hacıyeva Londonun “Harrods” mağazasında 16 milyon funt sterlinq xərclədikdən sonra Britaniya səlahiyyətlilərinin diqqətini çəkmişdi.

London məhkəməsi bir neçə ay davam edən səs-küylü prosesin sonunda Z.Hacıyevanı Azərbaycana vermədi. Onun əmlakının müsadirə edilməsi, satışa çıxarılacağı haqda da məlumatlar olsa da, dünyanı bürüyən pandemiya Z.Hacıyevanın da müvəqqəti də olsa işinə yaramış kimi görünür.

Mahmudovun indi ləğv etdiyi bu şirkətin adındakı özəlliklər diqqət cəlb etmişdi. Yəni MEA abreviaturası sabiq nazirin soyadı (M) və adının (E) baş hərflərini və oğlunun adının (A) birləşməsindən yaradılmışdı. Hələ o zaman ingilis mediası da yazırdı ki,  “MEA Capital Limited”də  Azərbaycanda rüsvayçılıqla işdən qovulmuş sabiq nazirin və qudası Cahangir Hacıyevin  “Beynəlxalq Bank”dan taladıqları pullar cəmləşib. Yeri gəlmişkən, A.Mahmudov şirkətin nizamnamə kapitalının 1 ingilis funtu olduğunu göstərmişdi.

Mahmudovun şirkətinin 1 funtluq olmadığı elə qeydiyyat sənədlərindən məlum olmuşdu. Belə ki, yerli media yazmışdı ki, Mahmudovların adlarını verdikləri şirkət Londonun dəbdəbəli rayonlarının birində qeydiyyata götürülüb. Anarın qeydiyyatda olduğu Loundes meydanındakı mənzili təxminən 4,8 milyon funt (10,5 milyon manat) dəyərində qiymətləndirilirdi. Maliyyə menecmenti sahəsində çalışacağı elan olunan bu şirkətə oğul Mahmudov özü  rəhbərlik edirdi. Amma bu, keçmiş nazirin biznesmen oğlunun bu ölkədəki heç də son şirkəti deyil.

Qeyd edək ki, A.Mahmudov  bu ölkədə biznesə atasının  vəzifəsindən kənarlaşdırılmasından cəmi bir neçə ay əvvəl başlayıb. Belə ki, öncə Londondakı “8-10 Dover Street Limited” şirkətinin səhmdarları arasına səhmlərin 75 faizini əldə edən “Elmaha İnvestment Limited” ofşor şirkəti daxil olur.

Atasının işdən uzaqlaşdırılmasından sonra da oğul Mahmudov da  Londonda yatırımlarını davam etdirirdi. 2016-cı ilin iyununda “Elmaha İnvestment Limited” şirkəti Londondakı daha bir şirkətin – “Percy Ho Limited”in səhmlərini alır və bir ildən sonra onun üzərində nəzarət Anar Mahmudova keçir. A.Mahmudovun 8 şirkəti birləşdirən beynəlxalq biznes şəbəkəsi aşkar edilmişdi. Türkiyədəki “Deha Gömlek Üretim Sanayi ve Ticaret Limited” və “Sinalco Gayrimenkul ve Danışmanlık Hizmetleri A.Ş”, İspaniyadakı “22 Vaquer De Bendinat S.L.”, “Son Sana Portals S.L.”, “Macent Invest Group SL” və “Majorca Capas Group İnvestment SL”, Lüksemburqdakı “Utilicom” və “Konoco.M” şirkətlərinin onun nəzarətində olduğu yazılırdı.

Eldar Mahmudovun oğlunun ailə biznesinin başında olduğu haqda xəbərlər atası işdən uzaqlaşdırılandan dərhal sonra üzə çıxmışdı. Şirkətlərin sayı, fəaliyyətinin əhatə dairəsinə görə Anar Mahmudovun Azərbaycandakı biznesi daha rəngarəng idi. Tikinti, daşınmaz əmlak, restoran, hotelçilik, pərakəndə ərzaq ticarəti, şərab idxalı və satışı, yanacaqdoldurma məntəqələri, lüks avtomobillərin satışı və servisi, avtomobil parkinqi – bunlar A. Mahmudovun şirkətlərinin əsas fəaliyyət sahələridir. Ümumiyyətlə, A. Mahmudovun Bakıda birbaşa və dolayı sahibliyində və idarəçiliyində 20-dən çox yerli şirkət vardı. Məlum olmuşdu ki, A.Mahmudov  Bakıda “Caspian Crystal” Holdinqinin İdarə Heyətinin sədridir. Şirkətə “Beluga”, “Salvador Dali”, “Lord”, “VİP” və “Velluto” kimi dəbdəbəli restoranlar şəbəkəsi,  “Wine City” adlı şərab butikləri daxildir.  Holdinqə “Range Rover”, “Jaguar”, “Maseratı”, “Ducati” kimi avtomobilləri Azərbaycana gətirən “Crystal Motors” da daxil idi.

2018-ci ildə sabiq nazirin şəriki kimi tanınan Sahib Ağayevin məhkəməsində də Mahmudovlarla bağlı ilginc təfərrüatlar açıqlanmışdı.  Belə ki, onun rəhbərlik etdiyi şirkət 2015-ci ildə Bakıda keçirilən Avropa Oyunları ərəfəsində Milli Təhlükəsizlik Nazirliyinin istəyi ilə təhlükəsizliyin təmin edilməsi məqsədilə xüsusi avadanlıqların gətirilməsi və həmin sistemin qurulmasını həyata keçiribmiş.

İmzalanmış müqavilə şişirdilərək 90 milyon göstərilib. Bu məbləğin 30 milyon manatı Sahib Ağayevin Dominikan Respublikasındakı şirkətlərindən birinin bank hesabına köçürülüb. Oradan isə A. Mahmudovun Latviyanın paytaxtı Riqa şəhərindəki şirkətlərindən birinin hesabına köçürülüb.

Eldar Mahmudovun şəriki kimi tanınan Sahib Ağayevin 2018-ci ildə keçirilən məhkəməsində  sabiq nazirə  oğlunun şirkəti və biznesi barədə də sual verilibmiş. Digər suallara olduğu kimi, Eldar Mahmudov bu suala da “bilmirəm” cavabını verib. O, oğlunun həmin məhkəmədə adı keçən Riqada və digər ölkələrdə bizneslə məşğul olmasından xəbərsiz olduğunu söyləyib.

Yeri gəlmişkən, Mahmudovlara aid Azərbaycandakı şirkətlərin  dövlət büdcəsinə milyonlarla manat vergi borcunun ödənilməmiş qaldığı barədə də xəbərlər var.