Milli Məclisin növbədənkənar iclasında deputat Eldəniz Səlimovla bağlı məsələ müzakirə olunur. Spiker Sahibə Qafarova bildirdi ki, Daxili Nizamnaməyə əsasən, Milli Məclisin İntizam komissiyası məsələyə baxıb.

İntizam komissiyasının sədri Eldar İbrahimov çıxışında bildirdi ki, sədrin tapşırığı ilə komissiya Baş Prokurorluğun təqdimatını müzakirə edib: “Mən də təqdimatı komissiya üzvlərinə təqdim etdim və geniş müzakirələr aparıldı. Komissiyanın 11 üzvü yekdil olaraq təqdimatda göstərilən cinayət faktı üzrə fikirlərini dedilər. Bundan sonra İntizam komissiyasının rəyini oxudu. İntizam komissiyası Deputatın statusu haqqında qanuna və daxili nizamnaməyə əsasən, baş prokurorun təqdimatına baxaraq belə rəyə gəlir ki, Eldəniz Səlimovun deputat toxunulmazlığının ləğvi üçün kifayət qədər əsas var və bu barədə rəyə gəlir”.

E.İbrahimov dedi ki, bu məsələ bizim üçün, Milli Məclis üçün ləkə oldu: “Hər kəs qanun qarşısında bərabərdir, bundan sonra da kimliyindən asılı olmayaraq, biz qanun qarşısında cavab verəcəyik. Bu, hər birimiz üçün dərs oldu”.